Xərrəqan türbələri
IX–X yüzilliklərdə Ərəb xilafətinin zəifləməsi ilə Azərbaycanda da kiçik feodal dövlətləri yaranır. Bu, ölkə həyatının müxtəlif sahələrində, yaradıcılıq istiqamətlərində – memarlıqda, xəttatlıqda, nəqqaşlıqda və s. müəyyən dəyişikliklərlə müşayiət olunur. Həmin çağlardan günümüzə gəlib çatan Təbriz memarlıq məktəbinin dəyərli nümunələrindən biri də Xərrəqan türbələridir.
Azərbaycanda Orta əsr kərpic tikililərinin ən yaxşı örnəklərindən sayılan bu türbələr Böyük Səlcuq İmperiyası dövründə inşa olunub. Hər iki türbə İranın Qəzvin və Həmədan şəhərləri arasında, bir-birindən təxminən 30 metr məsafədə inşa edilib. Səfəvilər dövründə bu türbələr imamzadələrə çevrilib və “Qoşa İmam” türbələri adlanıb. Yaxınlıqdakı kəndin adı da bu türbələrdən götürülüb. Türbələr indi də yerli əhali tərəfindən “Qoşa İmam” türbələri adlanır.
Türbələr Sultan Alp Arslanın hakimiyyəti (1063-1072) zamanı Əbu Səid Bicar Səəd adlı bir türkmən bəyin xatirəsinə inşa edilib (1067). Türbənin kitabələrinin birində tikilmə tarixindən sonra “Məhəmməd Məkər oğlu Zəncaninin əməli” qeydi var.
Birinci Xərrəqan türbəsi səkkizbucaqlıdır. Bayır diametri 11 metrdir. Bucaqların hər birinə silindrik kiçik qüllələr birləşir. Qüllələrdən ikisinin içərisində dolama pilləkən quraşdırılıb. Abidənin iç planı da səkkizbucaqlıdır. İnteryerdəki sivri tağçalar iki yerə bölünür. Hər tağçanın aşağı hissəsində yerliyi mavi rəngdə olan tağ çəkilib.
Onu da qeyd edək ki, əski türk ellərinin memarlıq abidələrində günəşin, işığın rəmzi təsvirləri sıx-sıx işlədilib. Mütəxəssislərin fikrincə, memar bu təsvirləri yaradarkən nəzərdə tutub ki, guya qaranlıq-axirət dünyasını işıqlandırmaqla ruhlar üçün rahat mühit yaranacaq. Birinci Xərrəqan türbəsinin içərisindəki çıraq təsvirləri də bu əski türk inancı ilə bağlı çəkilib. Buradakı çıraq təsviri süni işığın rəmzidirsə, medalyonlar günəşi təmsil edir.
Qədim türk inamında tovuz quşu günəşin simvolu olub. Birinci Xərrəqan türbəsinin medalyonlarından birinin içərisində yelpikşəkilli erkək tovuz quşu, başqa birində üz-üzə dayanmış iki tovuz quşu, üçüncüsündə isə boyunları bir-birinə sarınmış və iki əjdaha tərəfindən qorunan qoşa tovuz quşu çəkilib. O biri medalyonların içərisində isə altıbucaqlı və səkkizbucaqlı ulduzlar var.
Beləliklə, sənətkar rəmzi təsvirlərlə qaranlıq türbə içərisinə günəş və işıq gətirib. “Günəş işıqlı” tağçalar arasındakı səthlərdə həyat ağacı çəkilib. Simmetrik ağac təsvirini cənnət simvolu olan nar ilə tamamlayıb. Ağacın ucu göyü təmsil edən xətlərə söykənib. Məlumdur ki, əski inanclarda həyat ağacı göy ilə yeri bir-birinə bağlayır. Burada isə ağacın hər tərəfində iki quş şəkli çəkilib. Memar sanki çeşidli təsvirlərlə türbə içərisində bir kainat modeli, o biri dünyanı “yaratmağa” çalışıb. Qədim Türk ellərinin inamları və mifologiyası ilə bağlı olan bu divar rəsmləri göstərir ki, Səlcuq memarlığının ilk çağlarında İslam dini ilə əlaqəsi olmayan türk süjet və simvolları işlədilib.
Maraqlıdır ki, ikinci Xərrəqan türbəsinin interyerində divar rəsmləri yoxdur. Onların hamısını cənub üzdəki mehrab tağçası əvəz edib. Bu da Səlcuq memarlığında getdikcə İslam təsirinin müəyyən ölçüdə artmasını əks etdirir. İkinci Xərrəqan türbəsinin üstündəki kitabələrdən məlum olur ki, memar Əbül Məali Məkər oğlu Zəncani tikilini hicri 1096-cı ildə türkmən bəyi Atsız Təkin oğlunun xatirəsinə ucaldıb.
Mütəxəssislərin fikrincə, türbələrin plan quruluşu, konstruktiv sistemi, bədii memarlıq həllində heç bir prinsipial fərq yoxdur. Bunlar, əslində, birtipli tikilinin müxtəlif variantlarıdır. Görünür, memar ikinci türbəni tikərkən türbələrin yerləşmə yaxınlığını nəzərə alaraq məsələyə bütöv halda yanaşıb. Bununla belə, türbələr eyni deyil. Memar Əbül Məali dayaqlar içində pilləkənlərdən birini ixtisara salmaqla və bir neçə əlavələrlə ikinci türbəyə özəllik verib. Əlavələrin bir qismi türbə kompozisiyasında ucalığı artırmaq məqsədi güdüb. Ona görə də ikinci türbə birincidən yarım metr hündürdür.
Azərbaycan memarlığının dəyərli abidələrindən olan Xərrəqan türbələrinin kitabələri həmin dövr üçün xarakterik olan kufi xətti ilə naxışlanıb.
Savalan FƏRƏCOV