76-cı Venesiya Film Festivalı başlanıb

Avqustun 28-də İtaliyanın Lido adasında Avropanın (və ümumilikdə dünyanın) ən nüfuzlu üç kino yarışmasından (Kann və Berlin festivalları ilə birgə) biri olan Venesiya Film Festivalı başlayıb. Kino dünyasının ən qocaman festivalı bu il 76-cı dəfə keçirilir.

Festivalın açılış mərasimində yaponiyalı rejissor Xirokadzu Koreedanın “Həqiqət” (The Truth) filmi təqdim edilib. Ekran əsəri yaponiyalı rejissorun ilk böyük işidir. Ümumilikdə festivalda 21 ekran əsəri nümayiş olunacaq. Kinolentlərin bir qismi sənədli filmlərdir. Onların arasında ukraynalı rejissor Sergey Loznitsanın işi də var. Onun çəkdiyi sənədli film Stalinin ölümündən üç gün sonra baş verən hadisələrdən bəhs edir. Festivalın münsiflər heyətində kinooperator Rodriqo Prieto, rejissor Meri Herron, aktrisa Steysi Martin və başqaları var.

Qeyd edək ki,  Venesiya festivalının baş mükafatı “Qızıl şir”dir. Son iki ildə bu mükafatı meksikalı rejissorlar qazanıblar. 2017-ci ildə Gilyermo del Toro “Suyun forması” filminə görə, ötən il isə Alfonso Kuaro “Roma” filminə görə “Qızıl şir”ə layiq görülmüşdü.

Festivalın əsas müsabiqə proqramı ilə yanaşı, ənənəvi “Horizontlar” proqramında da mükafatlar təqdim edilir.

SƏBİNƏ