Lənkəranda yaradıcılıq festivalı başa çatıb
Lənkəran şəhərində, Milli Qəhrəman Əskər Əliyevin adını daşıyan parkda “Yurdum, yuvam məskənimsən, Azərbaycanım!” devizi ilə keçirilən IV yaradıcılıq festivalına yekun vurulub.
Mərasimdə çıxış edən Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin direktoru, festivalın təşkilat komitəsinin sədri Hafiz Mirzə layihə barədə məlumat verib.
Qeyd olunub ki, artıq ənənə halını almış festival bu dəfə Lənkəran şəhər Mədəniyyət Mərkəzində, şəhər M.Kələntərli adına Sənətkarlıq klubu, H.Rzayev adına Yaradıcılıq evi, eləcə də rayonun qəsəbə və kəndlərinin mədəniyyət ocaqlarında – ümumilikdə 20-dək məkanda keçirilib. Festivalda 67 müğənni, 18 bədii qiraətçi, 8 rəqs kollektivi çıxış edib.
Diqqətə çatdırılıb ki, festival çərçivəsində iyun-avqust aylarında 21 konsert təşkil olunub. Tədbirlərdə sənətkarların əl işlərindən ibarət sərgilər təqdim olunub.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxışında festivalın əhəmiyyətini yüksək dəyərləndirib. Lənkəran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bölgələrdən bölgələrə” II yaradıcılıq festivalında da uğurla təmsil edildiyini deyən Vüsal Nəsirli həmin festivala qatılmış bir qrup klub fəalına idarənin fəxri fərmanlarını təqdim edib.
Mərasimdə “Ay lolo” və “Çölləmə” rəqs qruplarının gözəl ifası, bədii qiraət ustalarının məharəti tamaşaçılara xoş ovqat bəxş edib. İfaçılara Mədəniyyət Mərkəzi tərəfindən IV yaradıcılıq festivalının diplomları və hədiyyələr təqdim olunub.