Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycan Yazıçılar Birliyi (AYB) Mingəçevir bölməsində təmsil olunan yazarlarla görüş keçirib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə şəhərdə aparılan abadlıq-quruculuq işlərindən söhbət açılıb. İcra başçısı AYB Mingəçevir bölməsi tərəfindən təşkil olunan tədbirləri təqdir edərək iyirmi il əvvəl bölmənin yaradılması ilə bağlı görülən işlərdə özünün də iştirak etdiyini xoş bir xatirə kimi yada salıb.

AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə ötən illərdə keçirilən yubiley, kitab təqdimatı və poeziya gecələrindən, yaradıcı gənclərə qayğıdan, “Bənövşə” ədəbi dərgisinin (əvvəlki adı “Mingəçevir leysanı”) nəşrinə şəhər rəhbərliyinin göstərdiyi dəstəkdən söz açıb. Həmçinin 2014, 2016 və 2018-ci illərdə işıq üzü görən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” almanaxlarının yerli yazarlara ən gözəl söz töhfəsi olduğu vurğulanıb.

Görüşdə ahıl qələm sahibi, AYB üzvü Nəsib Bayramoğlu, yazıçı-publisist, “Palitra” ədəbi klubunun rəhbəri Zahid Qasımlı, şair Elşən Əzim, “Mingəçevir qönçələri” ədəbi məclisinin rəhbəri Zümrüd Rəhimova, nəsimişünas Əbülfət Həsənoğlu, “Bənövşə” jurnalının əməkdaşı Məmməd Mərzili və başqaları çıxış ediblər.

AYB Mingəçevir bölməsinin xətti ilə keçirilən tədbirlərə şəhər rəhbərliyinin dəstəyinin vacibliyindən, yerli universitet, kollec və ümumtəhsil məktəblərində yazarlarla görüşlərin əhəmiyyətindən söz açılıb.

İlham İsmayılov görüşdən məmnun olduğunu, bölmənin fəaliyyətini gücləndirmək üçün dəstək verəcəyini bildirib, yazarlara yaradıcılıq uğurları arzulayıb.

Vahid QAFARLI
Mingəçevir