Aprelin 17-də Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Əsgər İsmayılovun anadan olmasının 110 illiyinə həsr edilmiş xatirə tədbiri keçirildi. Fondun foyesində görkəmli sənətkarın lentə aldığı filmlərdən bəhs edən fotosərgi təşkil olunmuşdu.
Tədbiri Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Əsgər İsmayılovun Azərbaycan kinosu tarixində xidmətlərindən söz açdı. Bildirdi ki, Əsgər İsmayılov milli kinomuzda təsvir sənətinin maraqlı yaradıcılarından biri olub. Xüsusilə “Almaz” filmində təsviri sənətin ən gözəl nümunələrini yaradıb.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə kinooperatorun həyat və yaradıcılıq yolu barədə ətraflı danışdı. Qeyd etdi ki, Əsgər İsmayılov 1905-ci ildə Tiflis şəhərində anadan olub, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib. Kinooperatorun fitri istedadından, ekstremal vəziyyətdən tez çıxmaq, rejissorlarla ünsiyyət yarada bilmək bacarığından söhbət açıldı. Bildirildi ki, İsmayılovun savadı, intellektual səviyyəsi bir çox rejissorlarda filmini məhz onunla çəkmək marağı yaradıb.
Əsgər İsmayılov C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışdığı müddətdə “Almaz” ,“Kəndlilər”, “Səbuhi”, “Sovqat”, “Qara daşlar” və s. bir-birindən maraqlı və yaddaqalan filmlərin çəkilişində yaxından iştirak edib. O, həmçinin “Bakının işıqları”, “Bəxtiyar” bədii filmlərinin quraşdırma səhnə çəkilişlərinin operatoru olub.
Kinooperator Kənan Məmmədov çıxışında kino sahəsində ilk addımlarını atan, bu sənəti öyrənən gənclər üçün Əsgər İsmayılovun yaradıcılıq yolunun böyük bir örnək olduğunu bildirdi: “Çox yaxşı olardı ki, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri belə tədbirlərdə iştirak etsinlər. Fondun foyesində sərgilənən şəkilləri seyr etsinlər, burada səslənən xatirələri dinləsinlər. Onlar üçün maraqlı olar ki, həmin filmlər necə çətinliklərlə başa gəlib, Azərbaycanda milli kinooperator məktəbi necə yaranıb”.
Qeyd olundu ki, taleyini Azərbaycan kinosuna bağlayan, ömrünün mənasını bu sənətdə tapan Əsgər İsmayılov yaradıcılığının coşqun çağlarında “Azərbaycanfilm” kinostudiyasında qruplar təşkil edib, rəngli filmlərin texnologiyasını gənc kino işçilərinə öyrətmək yolunda böyük səy göstərib. O, 12 noyabr 1983-cü ildə Bakıda vəfat edib.
Tədbirdə çıxışlar Əsgər İsmayılovun iştirakı ilə ərsəyə gələn filmlərdən fraqmentlərlə müşayiət olunurdu.
Sonda sənətkarın ailəsi adından kürəkəni Emir Qambay çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirdi.
Savalan Fərəcov