Müsəlmanların milli azadlıq hərəkatının qəhrəmanı Əbu Həmzə Hindistan ordusuyla döyüşlərdə həmişə rəşadət göstərir. Xalq onu sevir. Əks cəbhə özünün iki xəfiyyəsini onu öldürməyə göndərir. Lakin Əbu Həmzə onu öldürmək istəyənləri məhv edə bilir. Əslində isə bu məlumat səhv imiş: xəfiyyələrdən yalnız biri ölübmüş.
Artıq 20 il ötüb. Düşmən tərəfdən gənc bir xəfiyyə – Əbu Həmzə tərəfindən öldürülən o iki nəfərdən birinin oğlu kimi atasının intiqamını almaq üçün onu öldürməyə yollanır. Lakin atasının Əbu Həmzə tərəfindən öldürülməyərək, əksinə, bir məsləkdaşı kimi ona qoşulduğunu biləndə oğul atasını da, Əbu Həmzəni də öldürür...
Belə bir film süjeti. Dünyanın tərəqqipərvər qüvvələrinin müharibələr əleyhinə çağırışını məntiqli edən bədii bir yanaşma. Real həyatda belə bir faciə (oğulun ata qatili olması) tək-tük hallarda ola bilər. Ancaq bütün müharibələrdə qətllər, məntiqi fikirləşəndə elə, məzmunca belədir. Çünki qanlı müharibələrdə bir cəbhə o birinə qalib gəlmək üçün belə dəhşətli qətllərə hazır olur.
Hindistanın kino şirkətlərindən birinin hazırda ölkəmizdə Kəşmir müharibəsi haqda çəkilişlərinə başladığı filmin süjeti və ondan çıxardığım nəticəni belə açıqlasam da, məncə, hər nüans film başa çatdıqdan sonra aydınlaşacaq.
Doğrusu, filmin çəkilişlərindən hələ xəbərsiz olduğum ərəfədə Pakistan səfiri Səid Xan Mohmandın həmin günlərdə Kəşmirdəki fövqəladə vəziyyətlə, komendant saatının tətbiqiylə bağlı keçirdiyi mətbuat konfransında bir kinojurnalist olaraq verdiyim sual onu təəccübləndirsə də, haqlı olduğuma bir zəmin ola bilmişdi.
“Kəşmirdə qan su yerinə axır, siz isə kinoyla maraqlanırsınız...” – deyə səfir, diplomat nəzakətilə gülümsəyib, sualıma irad tutmuşdu. Ancaq maraqlanmağım əbəs deyildi.
Çünki düz iki gündən sonra hind kinematoqrafçılarının Kəşmir müharibəsiylə bağlı Bakıda film çəkməsi xəbəri mətbuatımızda aktual mövzuya çevrilmişdi. Filmdə baş rolun, Kəşmir müharibəsində müsəlmanların milli qəhrəmanı Əbu Həmzə obrazının Azərbaycanın Əməkdar artisti Cavanşir Hadıyevə həvalə olunması xəbəri isə mətbuatımızın sensasiyasına çevrilmişdi. Bəli, Bakıda belə bir mövzuda film çəkilişi həssas bir vəziyyət yaratmışdı. Cavanşir Hadıyev “Filmin quruluşçu rejissoru Əhməd İbrahimlə olan ilk söhbətimizdə bildirmişdim ki, ssenaridə anti-İslam və ya anti-Pakistan işarələri cüzi də olsa varsa, mən çəkilişlərdən imtina edəcəyəm” deyərkən, rejissor aktyoru tam əmin edib, filminin müvəffəqiyyətinin onun sənətkarlığından asılı olduğunu bildirmişdi.
Hakim dini induizm olan Hindistan əhalisinin on bir faizini müsəlmanlar təşkil edir. Kəşmir problemi isə Hindistan məhz dini zəmində ikiyə bölünəndən sonra yaranıb. Bu problemin hansı zəmində yarandığını anlamaq həm çətindir, həm də çox sadə. Çətindir ona görə ki, onun kökünə varmaq üçün qalın-qalın tarix kitablarını oxumaq gərəkdir. Sadəliyi isə ondadır ki, hazırda dünya ölkələrinin bir çoxunun dini ayrı-seçkilik zəminində süni yaradılmış belə qaynar nöqtələri var.
Hindistanın dahi oğlu Mahatma Qandi öz ölkəsinin müstəqilliyi yolunda dinlər arasındakı fərqin və doğmalığın belə sadə izahını vermişdi: “Dinlər eyni nöqtədə birləşən fərqli yollardır. Eyni məqsədə doğru gediriksə, yolları ayırmağın nə fərqi var ki?!”.
Bəli. Hindistanda hindu və müsəlman bir məqsəd, Hindistanın müstəqilliyi naminə eyni nöqtədə birləşə bilsə də, ölkə ikiyə bölünəndən sonra məqsəd də ayrıldı, yollar da. Həmən ayrılıq iki dövlət arasında dəfələrlə hərbi münaqişələrə səbəb olmuş, Kəşmir problemi isə “Qordi düyünü”nə çevrilərək, indiyədək nə diplomatiya, nə də silahla açıla bilmişdir.
Bir daha Pakistanın ölkəmizdəki səfiri Səid Xan Mohmandın sözlərinə qayıtmaq istərdim: “Hazırda Kəşmirdə qan su yerinə axır, kino nə edə biləcək ki?...”
Həqiqətən, yerində verilmiş sualdır. İndiki məqamda iki qonşu dövlət arasındakı bu münaqişə prosesində müsəlmanların milli azadlıq hərəkatının lideri obrazını azərbaycanlı aktyorun ifasında canlandırmaq üçün ölkəmizdə çəkilişlər aparan hind kinematoqrafçılarının yeni filmi kinonun tərəqqipərvər, sülhpərvər kimi gücündən istifadə edə biləcəkmi?! Axı filmin qəhrəmanı bizim kimi müsəlman olsa da, ölkəmiz üçün həm Hindistan, həm də Pakistanla dostluq münasibətləri yüksək dəyər kəsb edir. Əlbəttə, bunu filmin yaradıcı heyəti də bilir. Süjetindən də göründüyü kimi, filmin məqsədi doğmaları (filmdə atanı oğula) bir-birinə düşmən edən müharibələrə nifrət çağırışıdır.
Hind kinosunun zorakılığa, istismara nifrət missiyası həmişə kinosevərlərin diqqət mərkəzində olub. O özünün bu missiyasıyla bütün dünyada, bizim ölkədə də sevilib və dəyərləndirilib. Hindistan kinematoqrafçıları dünya kinosuna alçaldılmış və təhqir edilmiş insanların ağrı-acılarını tamaşaçısı ilə bölüşməyə özünəməxsus kino diliylə nail ola bilən ekran nümunələri verib. Bir vaxtlar baxdığımız bu filmlərdə Hindistan-Pakistan ayrılığı yox idi. Sonra isə nələr oldu...
İki ölkə arasında ayrılığın ilk təxirəsalınmaz tədbiri Pakistanda hind filmlərinə qoyulan qadağa oldu. Lakin bu filmlər pirat yoluyla Pakistana ayaq açdığı kimi, Pakistan kino sənətkarlarının Bollivuda axınının da qarşısı alına bilmirdi. Hazırda Kəşmirdəki hadisələrlə bağlı Pakistanın kino sahəsindəki qadağaları yenidən gündəmə gətirməsi, təbii ki, kino sənətkarlarının xeyrinə işləyə bilməz...
Hindistan kinematoqrafı isə bir an dinclik bilmir. Belə ki, hər iki ölkə münaqişənin diplomatik, siyasi yolla həllində maraqlı olsa da, bu yolda ən yaxşı vasitə kimi kinonun imkanlarından istifadə etməyə daha çox Hindistan kinosunun gücü çatır.
Kino və Kəşmir müharibəsi və yaxud Hindistan-Pakistan münaqişəsi mövzusunu qısaca şərh edərkən, vaxtilə orta nəsil tamaşaçılarımızın sevə-sevə izlədiyi ”Kəşmirdə məhəbbət” filmini yada salmaq istərdim. Doğrudur, 1965-ci il istehsalı olan bu film həmin il başlanan ikinci Kəşmir müharibəsi mövzusuna toxunmasa da, artıq bir adı ilə Kəşmirdəki sülh arzularına işarə idi.
Bollivud sonralar da Kəşmir mövzusunda kinonun diplomatik vasitə olmaq imkanlarından istifadə etməyə cəhdlər göstərmişdi. 2015-ci ildə “Qardaş bacarığı”, 2013-də real hadisələr əsasında çəkilmiş “21-11 hücumu”, 2016-da ”Nirca” və digər filmləri misal çəkmək olar. Halbuki bu keyfiyyətləri 2019-cu ilin “Uri; cərrahi zərbə” filminə şamil etmək olmaz. Bu ilin fevral ayında Hindistan-Pakistan münaqişəsinin yenidən kəskinləşdiyi ərəfədə bu döyüş filminin yüksək baxış sayı qazanması, təbii ki, xalqın real vəziyyətlə tanış olmaq, vəziyyətin düzələcəyi gözləntiləriylə bağlı olmuşdur. Axı xalq müharibə istəmir. Pakistan bu filmə öz mənfi münasibətini gizlətmədən ölkədə onun nümayişinə qadağa qoydu.
İndi isə Bollivudun Kəşmir müharibəsi mövzusunda ölkəmizdə çəkilişlərini apardığı yeni filmə qayıdaq. İlk növbədə o faktı da qeyd edim ki, Hindistan 400-ə yaxın dil və ləhcələri olan böyük bir diyardır. Elə məhz dil baxımından da orda bir neçə böyük kinostudiya var; hindi dilində film çəkən kinostudiya Bollivud, tamil dilində çəkən Kollivud, teluqu dilində çəkən Tollivud və s. adlanır. Hazırda bizdə tamil dilində film çəkən hind kinematoqrafçıları Bollivuddan deyillər. Filmdə baş rolu ifa edəcək aktyorumuz isə obrazı Pakistanın rəsmi dili olan urdu dilində canlandıracaq. Mediada filmin Bollivud kinostudiyasına aidiyyəti ilə bağlı gedən informasiya da yanlışdır. Bu yanlışlıqla bağlı Cavanşir Hadıyev belə izah vermişdir: “Bu yanlış mənim dilimdən yayılıb, çünki mənim üçün Kollivud, Tollivud, Bollivud – hər üçü eyni məna kəsb edir”.
Əlbəttə, aktyorun bu fikrində məntiq var. Əsas bu deyil. Əsas odur ki, azərbaycanlı aktyor hind kinematoqrafçılarının ona etibar etdiyi obrazın missiyasını tamaşaçıya ustalıqla çatdıra biləcəkmi? Qəti əminliklə bildirməliyik ki, Azərbaycan kinosunun da bu filmdəki missiyası Pakistan və Hindistan xalqına böyük məhəbbətə, dostluq münasibətlərinə bağlıdır. Qəlbimizə yaxın, məsafəsiyləsə bizə uzaq olan, “Kəşmirdə məhəbbət” filmiylə heyranı olduğumuz gözəl Kəşmirdə sülhün bərqərar olması isə hər birimizin arzusudur.
Sədaqət KAMAL