Orta əsrlərdə Şərqin görkəmli alimləri təbiət və cəmiyyətin öyrənilməsinə xüsusi diqqət yetiriblər. Tanınmış tədqiqatçıların təşəbbüsü ilə elmi mərkəzlər, rəsədxanalar yaradılıb. Həmin dövrdə Nəsrəddin Tusi elmi məktəbinin ənənələri üzərində yetişən alimlər arasında Qütbəddin Şirazinin də adı hörmətlə çəkilir.
Qütbəddin Mahmud ibn Məsud (1236-1311) İranın Şiraz şəhərində dünyaya göz açıb. İlk təhsilini atasının yanında alıb, tibb, fəlsəfə və hüquq elmlərini öyrənib. O daha sonra təhsilini Marağa şəhərində davam etdirib. 1258-ci ildə Marağada Nəsrəddin Tusinin rəsədxanası yaranır. Burada təhsil alan Qütbəddin Tusinin ən istedadlı tələbələrindən olur, sonralar riyaziyyatçı kimi məşhurlaşır. Bir müddət Kiçik Asiyada, İranın bəzi şəhərlərində həkim və hakim olaraq fəaliyyət göstərir.
Qütbəddin Şirazi 1297-ci ildə Misirdə yaşayarkən Elxanilər dövləti tərəfindən sifariş olunan bir diplomatik tapşırığı layiqincə yerinə yetirir. Onun bu qabiliyyəti hökmdar Qazan xanın xoşuna gəlir. Buna görə də o, Təbrizə qayıdır və Qazan xanın sarayında çalışır.
Onu da qeyd edək ki, həmin dövrdə Təbriz Elxanilər dövlətinin paytaxtı idi və Şərqin elm-mədəniyyət mərkəzi kimi tanınırdı. Qütbəddin Şirazi tərəfindən şəhərdə “Darüş-şəfa” adlı yeni mərkəz yaradılır. Burada rəsədxana, kitabxana, təhsil və tibb müəssisələri fəaliyyət göstərirdi. Təbriz rəsədxanası Marağa rəsədxanasından sonra Şərqin ikinci elmi mərkəzi hesab olunurdu.
Q.Şirazi müəllimi Tusinin elmi istiqamətini davam etdirir və əsərlərinin çoxunda onun irsinə üz tutduğunu bildirir. O, ustadından bəhrələnərək “Dubacı bəzəmək üçün tac mirvarisi” adlı ensiklopedik əsərlərindən birini yazır. Traktat Qərbi Gilan hökmdarının oğlu əmir Dubac ibn-Filşaha ithaf olunub. Araşdırmalarda göstərilir ki, traktat beş hissədən ibarətdir. Birinci hissədə məntiq, ikinci hissə fəlsəfədən bəhs edir. Üçüncü və dördüncü hissələr dəqiq elmlərə, həmçinin musiqiyə aiddir. Beşinci hissə isə din, etika və siyasətə həsr edilib.
Alim astronomiya elmi tarixində böyük əhəmiyyət kəsb edən iki fundamental traktat da yazıb: “Göy sferalarını bilməkdə idrakın sonu” və “Astronomiyadan şah hədiyyə”. Birinci əsərin əlyazmalarından biri Bakıda, AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır. Bu traktatda dəqiq astronomik məlumatlar və həndəsi hesablamalar, planetlərin hərəkətinin yeni kinematik sxemi yer alıb. Müəllif fəlsəfə tarixində Sührəvərdinin İslam ölkələrində nəşr olunmuş “Müdrikliyin nuru” traktatının izahı ilə iz qoyub. Başqa bir elmi əsəri isə “Rəqsi hərəkət və müstəvi ilə əyri arasındakı nisbət haqqında” traktatına aid izahlardır. Onun verdiyi izahların əsli itib. Həmin izahlardan əlavə əsər haqqında məlumat yoxdur. Əsərin müəllifini təsdiqləyən fakt Q.Şirazinin imzasını “alimlər şahı” və “tədqiqatçılar sultanı” kimi qeyd etməsidir. Bu imzalar bir müddət Tusinin adına çıxılıb. Sonra məlum olub ki, Q.Şirazinin yazdığı izahlar Tusinin “Rəqsi hərəkət barəsində və müstəvi ilə əyri arasındakı nisbət haqqında” traktatına aid olan qiymətli mənbədir və əsər üzərində aparılan tədqiqatın nəticəsidir. İzahların əlyazması İstanbul kitabxanasında saxlanılır. Bu izahlar riyaziyyatda olan bir sıra vacib suallara cavab verir. O, həmin izahlarda öz dövründən xeyli öncə yazılan bir neçə elmi əsərin adını çəkib. Həmin əsərlərdən biri Əbu Əli ibn Sinanın “Bucaq tədqiqatı haqqında” traktatıdır. Onu da qeyd edək ki, İbn Sinanın traktatı haqqında məlumata məhz Q.Şirazinin izahlarında rast gəlinib. Mənbələrdə göstərilir ki, Avropa alimləri traktatda qeyd olunan riyazi problemlər üzərində işləyərək sonradan inteqral və diferensial hesaba aid nailiyyətlər qazanıblar.
Qütbəddin Şirazi 1311-ci ildə vəfat edib. Alimin əlyazmaları London, Paris, Oksford, Leyden, Berlin, Daşkənd və İstanbulda kitabxana fondlarında saxlanılır.
Savalan FƏRƏCOV