2019-cu il 27-29 sentyabr tarixində keçiriləcək VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıq işləri davam etməkdədir. Ənənəvi kitab bayramının təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.

Təşkilat komitəsindən bildirilib ki, sərgi-yarmarkada iştirak üçün rəsmi olaraq qeydiyyat artıq başa çatıb. Budəfəki kitab bayramında 78 yerli, eləcə də 13 ölkədən 33 nəşriyyat-poliqrafiya müəssisəsi iştirak edəcək.

Hazırda sərgi-yarmarkanın reklam və çap məhsulları hazırlanır. Sərginin başlamasına 10 gün qalmış xüsusi hazırlanmış videoçarx təqdim ediləcək. Tədbir günlərində ziyarətçiləri ı kitab təqdimatları, müəlliflərlə görüşlər, maraqlı layihələr gözləyir.

Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkanın rəsmi açılış mərasimi 27 sentyabr saat 11:00-da olacaq. Qeyd edək ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi və avadanlıqlar ödənişsiz veriləcək. Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.

İştirakçılar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

Xatırladaq ki, paytaxtımızda beynəlxalq kitab sərgisi 2009-cu ildən etibarən ənənəvi olaraq iki ildən bir keçirilir.

LALƏ