Sentyabrın 5-də Mədəniyyət Nazirliyində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Xalq şairi” fəxri adına layiq görülmüş görkəmli söz ustadı, Yazıçılar Birliyinin üzvü Musa Yaquba fəxri adın nişanı və vəsiqəsi təqdim edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev Musa Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdən olduğunu bildirib. Qeyd edib ki, zəngin yaradıcılıq yolu keçən şairin indiyədək çapdan çıxmış 10-dan çox kitabı oxucular tərəfindən maraqla qarşılanıb. Musa Yaqubun xalqımızın milli ruhundan, minillik adət-ənənələrindən qaynaqlanan poeziyası vətənpərvərlik duyğuları ilə zəngindir.
Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.
“Xalq şairi” kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Musa Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini deyib. Qocaman şair Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu vurğulayıb. Qeyd edib ki, bu gün istedadlı gənc yazarlar böyük ənənələri olan Azərbaycan ədəbiyyatını yeni ideyalarla zənginləşdirirlər. Şair gənc qələm sahiblərinin ona olan münasibətindən də razılığını bildirib.
Nazir Əbülfəs Qarayev sonda bir daha Musa Yaqubu fəxri ad münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni-yeni əsərlərlə oxucularını sevindirməyi arzulayıb.