Sentyabrın 12-13-də Bakıda Dünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək. Bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuata açıqlamasında bildirib.

O, qeyd edib ki, Azərbaycan Mətbuat Şurası 2005-ci ildən Dünya Mətbuat Şuraları Assosiasiyasının üzvüdür. Qurumun illik toplantıları növbəlilik əsasında təşkilata üzv ölkələrdə keçirilir. Bu il Azərbaycanda təşkil olunacaq.

Əflatun Amaşov əlavə edib ki, Dünya Mətbuat Şuraları Assosiasiyası beynəlxalq miqyasda kifayət qədər nüfuza malik qurumdur. Onun illik toplantılarında üzv təşkilatların hesabatları ilə yanaşı, dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar müzakirə olunur.

Əflatun Amaşov ölkəmizdə medianın özünütənzimləməsində effektivliyi artırmaq üçün Mətbuat Şurasının təşkilati-hüquqi formasının dəyişdirilməsinin, qurumun səlahiyyətlərinin genişləndirilməsinin vacibliyindən də danışıb. Onun sözlərinə görə, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi də vacib məsələlərdəndir.

Mətbuat Şurasının sədri son vaxtlar çap (print) mediası ilə bağlı aparılan müzakirələrə də toxunub. Qeyd edib ki, internet mediası, elektron KİV nə qədər geniş yayılsa da, dünyanın heç bir ölkəsində yazılı (çap) mediadan imtina olunmayıb: “Doğrudur, print medianın mövqeyi zəifləyib. Bu, informasiya texnologiyalarının inkişafı ilə əlaqədardır. Ancaq hər bir halda qəzetlər saxlanılır. Onlar günümüzün salnaməsini yaradırlar. Bilmək olmaz ki, əlli və ya yüz il sonra internet olacaq, ya yox. Ancaq mətbu nəşrlər əsrlərdir ki, müxtəlif dövrlərlə bağlı informasiya mənbələri, tədqiqat materialları funksiyasını yerinə yetirirlər... Azərbaycanda da mətbu nəşrlər saxlanılmalıdır. Dövlətin siyasətini yayan mətbuat orqanları da həmçinin”.