“Epik Prodakşn” və “OB Film”in birgə istehsalı olan “Açar” qısametrajlı bədii filmi Qarabağ mövzusundan bəhs edir.

Yataqxanada yaşayan məcburi köçkün ailənin həyatından söz açan film dram janrındadır. “Hadisə işğal altında qalmış evin açarının itməsi üzərində qurulub. Ailə bunu böyük faciə kimi qəbul edir, çünki bu açar onların ümididir. Evin açarı keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır” – deyə filmin rejissoru Elşad Ərşadoğlu bildirib.

Onun sözlərinə görə, film müstəqil layihədir və faktiki olaraq büdcəsiz başa gəlib: “Texniki və yaradıcı heyət, aktyorlar, digər işçilər təmənnasız işlədi, lazım olan texnikanı bizə “Epik Prodakşn” pulsuz verdi. Məlum oldu ki, texniki və yaradıcı baxımdan filmə dəstək olanların arasında eynən filmdəki kimi işğal olunmuş torpaqlarda qalmış evinin açarını saxlayanlar var. Bəzi insanlar ideyanı eşidən kimi, özləri əlaqə saxlayıb dəstək olmaq istədi”.

Rejissor həmçinin bildirib ki, filmdə baş verən hadisə onların öz ailəsində baş verib: “Aktyor Qurban İsmayılovun oynadığı obrazın prototipi mənim öz babamdır. Biz Füzulidən köçkün gələndə mən 6 yaşında uşaq idim. Evimizin o topa açarı yadımdadır. Hətta yadımda idi, hansı açar hansı otağındır. Bir müddət sonra açarlar itdi. Və bu xüsusən babam üçün böyük dərd oldu. Bu, əslində, bir milyon insanın dərdidir. Məqsədim bu dərdi kino dili ilə dünyaya çatdırmaqdır”.

Qeyd edək ki, “Açar” rejissor kimi Elşad Ərşadoğlunun ilk filmidir. O, filmi festivallara təqdim etmək niyyətindədir. 25-30 dəqiqə nəzərdə tutulan film hazırda post-prodakşn mərhələsindədir. Filmin ssenari müəllifi Elşad Ərşadoğlu,  operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyevdir. Rolları Xalq artisti Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Zemfira Əbdülsəmədova və başqaları oynayır.

LALƏ