Naxçıvan Dövlət Filarmoniyasında filarmoniyanın Kamera orkestrinin bədii rəhbər-dirijoru, Xalq artisti Çingiz Axundovun 60 illik yubileyi qeyd olunub.

Tədbirdə muxtar respublikanın Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək, milli mədəniyyət və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb.

Diqqətə çatdırılıb ki, tanınmış sənətkar Çingiz Axundov konsert proqramlarında mahir dirijorluğu ilə musiqisevərlərin rəğbətini qazanıb. Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Azərbaycan Dövlət Filarmoniyasında çalışmış dirijor 1985-ci ildən sənət fəaliyyətini Naxçıvan Dövlət Filarmoniyası ilə bağlayıb. Çingiz Axundova nəfəs alətləri üçün işlədiyi metodik vəsaitlərə və dərsliyə görə dosent elmi adı verilib. O, “Koroğlu” operasının kompozisiyasını hazırlayıb, “Leyli və Məcnun” operasının kompozisiyasının hazırlanması və təqdimatında fəal iştirak edib.

Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestri Çingiz Axundovun bədii rəhbərliyi ilə təkcə muxtar respublikada deyil, ölkəmizin musiqi kollektivləri içərisində də tanınmaqdadır. Sənətkar 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının, 2007-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti”, 2009-cu ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Mədəniyyət naziri yubilyarı təbrik edib, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.

Yubilyarın sənət dostları çıxış edərək ürək sözlərini bildiriblər. Çingiz Axundov bundan sonra da musiqi mədəniyyətimizin inkişafı üçün çalışacağını deyib.

Sonda Naxçıvan Dövlət Filarmoniyası Simli kvartetinin ifasında musiqi nömrələri səsləndirilib.