Ötən əsrin əvvəllərində ölkəmizdə maarif və mədəniyyətin inkişafına xidmət edən ziyalıların sırası genişlənir, hətta milli ruhlu qadınlar da bu prosesə qoşulurdular. Həmin dövrdə pedaqoq, tərcüməçi kimi fəaliyyət göstərən qadınlardan biri də Mədinə Qiyasbəyli idi. Bu il görkəmli maarifçinin anadan olmasının 130 illiyidir.

Mədinə Mehdi qızı Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində anadan olub. 1904-cü ildə Tiflis şəhərindəki “Müqəddəs Nina” qızlar məktəbini bitirir. Daha sonra birillik pedaqoji kursu da keçir və 1905-ci ildə müəllimlik şəhadətnaməsi alır. Bu təhsil sənədi ona kənddə qızlar üçün ibtidai məktəb açmaq hüququ verirdi.

Araşdırmalarda göstərilir ki, Mədinə Qiyasbəyli ilk olaraq qohum ailələrdən məktəbə 5-6 uşaq cəlb edir. Sonrakı illərdə uşaqların sayı artaraq 30 nəfərə çatır. Beləliklə, 1906-cı ilin yanvarında Salahlı kəndində ibtidai qız məktəbi fəaliyyətə başlayır. Məktəbdə ana dilimizlə yanaşı, rus dili, hesab, təbiətşünaslıq, əmək və nəğmə dərsləri də tədris olunur. Azərbaycan türkcəsini Əhməd Gülməmmədov, təbiətşünaslığı Mehdi Qiyasbəyli (onun meşəbəyi təhsili vardı), qalan fənləri isə Mədinə xanım tədris edirdi. 1906-cı il oktyabrın 15-də bu təhsil ocağı qəza maarif idarəsi tərəfindən qeydiyyata alınır və Mədinə xanım məktəbin müdiri təyin edilir.

M.Qiyasbəyli ailə qurduqdan sonra yaşadığı Dağ Kəsəməndə də qızlar məktəbi  açır. Bir müddət sonra həyat yoldaşı Şəhriyarın işi ilə əlaqədar indiki Gədəbəy rayonuna köçürlər. Mədinə xanım burada da gənc qızlara savad vermək işləri ilə məşğul olur.

Uğurlu, xoşbəxt günlər çox da uzun sürmür. Maarif təşnəsi qısa zamanda atasını və həyat yoldaşını itirir. Özündə qüvvə tapan Mədinə xanım pedaqoji fəaliyyətini davam etdirmək üçün Tiflis şəhərinə gedir. Bir neçə ay Cənubi Qafqaz Komissarlığında çalışır. Sonra Qazax qəzası üzrə xalq məktəbləri inspektoru təyin edilir. Maarif işinin inkişafı yolunda yerli ziyalılarla çiyin-çiyinə çalışır. O, həmçinin regionda gedən siyasi prosesləri də maraqla izləyir. Azərbaycan istiqlalının - Xalq Cümhuriyyətinin qızğın tərəfdarı kimi çıxış edir. 1919-cu ildə Bakıya gələrək qohumu Gövhər Usubova (general İbrahim bəy Usubovun xanımı) ilə bərabər paytaxtın mədəni həyatında iştirak edir. Gənclər üçün savad kursu açırlar. Kursa 80 nəfərə yaxın gənc xanım cəlb olunur. Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səriyyə Əhmədova, Nəimə Qazıyeva və başqaları bu kursda müəllim kimi fəaliyyət göstərirlər. Bu uğurdan ruhlanan Mədinə xanım 1920-ci ilin martında öz evində daha bir axşam kursu təşkil edir. Qısa bir müddət ərzində savadlanmaq arzusunda olan 20 nəfərə yaxın qadın kursa müraciət edir. Kursda Üzeyir Hacıbəyli, Xədicə Ağayeva, Şəfiqə Əfəndizadə dərs deyirlər.

Tədqiqatçı İsmayıl Umudlu araşdırmasında yazır ki, Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra - 1920-ci ilin dekabrında M.Qiyasbəyli Qızlar məktəbinin rəhbəri, G.Usubova isə onun müavini təyin edilir. Bu təhsil ocağında tanınmış qadın pedaqoqlardan Ş.Əfəndizadə, X.Ağayeva, S.Talışinskaya, B.Köçərli və  F.Topçubaşova çalışırdı.

Qısa müddət ərzində məktəbin şöhrəti Azərbaycanın hüdudlarını aşır. 1926-cı ilin sentyabrında M.Qiyasbəyli “köhnə ziyalı nəsli”nə mənsub olduğuna görə təhsil ocağının rəhbərliyindən kənarlaşdırılıb, rus dili müəllimi təyin edilir.

1932-ci ildə tramvaydan enərkən yıxılaraq ağır xəsarət alır. Hərəkətində problem yarandığı üçün sevimli peşəsindən uzaqlaşmalı olur. O daha sonra tərcüməçilik sahəsində fəaliyyətini davam etdirir. Xalq şairi Səməd Vurğunun köməkliyi ilə tanınmış rus şairlərindən N.Aseyev, V.Luqovskoy ilə tanış olur. Azərbaycan yazıçılarının əsərlərinin rus dilinə tərcümə olunmasında onlara yaxından köməklik göstərir. S.Vurğun, S.Rüstəm, R.Rza və N.Rəfibəylinin bir sıra şeirlərini, eləcə də M.S.Ordubadinin “Dumanlı Təbriz” əsərini rus dilinə çevirir.

30-cu illərin repressiya tufanı Mədinə Qiyasbəyli kimi maarif xadimindən də yan keçmir. Xalq Cümhuriyyətinə - milli hökumətə rəğbətinə görə 1936-cı il dekabrın 8-də həbs edilir. 1937-ci ilin sentyabrın 28-də güllələnir.

Savalan FƏRƏCOV