Azərbaycan guşəsi maraq doğurub

Cənubi Koreyanın paytaxtı Seulda  bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə ənənəvi “Dostluq festivalı” keçirilib. BUTA Azərbaycan-Koreya Dostluq Assosiasiyası da festivalda iştirak edib.

Soydaşlarımızın festivalda iştirakı Azərbaycanın Koreyadakı səfirliyinin dəstəyi və “Grante” nar şirələrinin Koreyadakı rəsmi distribüteri olan “BUTA İnternational” şirkətinin sponsorluğu ilə gerçəkləşib.

60-dan çox ölkənin iştirak etdiyi festivalda müxtəlif xalqların mədəniyyətləri, musiqi, rəqs və milli mətbəx nümunələri nümayiş olunub.

Cənubi Koreyada təhsil alan azərbaycanlı tələbələr səfirliyimizin dəstəyi ilə festivalın qida sərgisində iştirak edərək, milli mətbəximizin təamlarını təqdim ediblər.

Koreyalılarla yanaşı, tədbirdə iştirak edən turistlər tərəfindən də böyük maraqla qarşılanan Azərbaycan pavilyonunda soydaşlarımız qonaqların suallarını cavablandırıb, onlara ölkəmiz haqqında məlumat veriblər.