İkinci Nəsimi Festivalının proqramı açıqlanıb
Sentyabrın 28-dən oktyabrın 1-dək Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ikinci dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçiriləcək. Festivalın proqramı açıqlanıb. Festival çərçivəsində Bakıda və şairin doğulduğu Şamaxıda ümumilikdə 30-dək tədbir təşkil olunacaq.
Budəfəki festivalda bir sıra yeniliklər olacaq. Festivalda bu il ilk dəfə Nəsiminin seçilmiş qəzəlinə bir sıra tədqiqatçı və şeir bilicisi öz şərhini verəcək, həmin təfsirlərin müzakirəsi olacaq.
“Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm” qəzəlinə Azərbaycan, Rusiya, İran, Türkiyə və Misirdən 10-dan çox müəllif öz təhlillərini təqdim edəcək. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şairlər, alimlər və filosoflar mühazirələrlə çıxış edəcəklər. Rusiyalı psixoloq Aleksey Sıtnikov, ABŞ-dan olan tədqiqatçı Alan Qodlas, italiyalı şair David Rondoni, Azərbaycan əsilli filosof və rəssam, Böyük Britaniyada yaşayan Zeyqəm Əzizov mühazirələrində Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparacaqlar.
Festival çərçivəsində, həmçinin almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess və Böyük Britaniyada tədqiqatçı soydaşımız Orxan Mirqasımovun Nəsimi və hürufilik haqda kitabları təqdim ediləcək.
Builki festivalda kino sahəsində dinlərarası dialoq üzrə məşhur beynəlxalq SİGNİS mükafatına layiq görülmüş filmlərin nümayişi olacaq. Finlandiyalı rejissor Aki Kaurisməkinin “Ümidin o biri üzü” filmində fərqli dinlərə, mədəniyyətlərə və həyat tərzlərinə malik insanların anlaşması və dostlaşması əksini tapıb.
Silsilə tədbirlər çərçivəsində sentyabrın 28-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) birgə təşkilatçılığı ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı da start götürəcək.
Nəsimi festivalı çərçivəsində bu il həm də uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının iştirakı ilə “Ümidin yaradılması” sosial-mədəni layihəsi həyata keçiriləcək. Layihə üzrə dizayn kurslarına cəlb olunmuş 30 iştirakçı öz arzularını təsvir vasitəsilə əks etdirib və onların əl işləri sonra köynəklər üzərinə köçürülüb. Bu köynəklərin festival çərçivəsində nümayişi və satışı təşkil olunacaq. Layihənin məqsədi uşaq evləri və internat məktəblərinin sakinləri və məzunlarının yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və onlara məşğulluq imkanları yaratmaqdır.
Festival günlərində Bakı və Şamaxıda bir sıra sərgilər də olacaq: sentyabrın 28-də Şirvanşahlar Sarayında açılacaq “İrfani sirlər” sərgisində Azərbaycan, Türkiyə, Fransa və Özbəkistandan olan 10 rəssam və heykəltəraşın əsərləri nümayiş etdiriləcək. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim olunacaq.
Sentyabrın 30-da “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Daşın nəğməsi” IV Beynəlxalq heykəltəraşlıq simpoziumu, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda isə VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq.
Qala qəsəbəsində istifadəsiz sənaye anbarının divarları üzərində işlənmiş rəsm əsərlərindən ibarət “Danışan divarlar” incəsənət layihəsinin ictimai təqdimatı olacaq. Bu layihə üzrə Azərbaycan, Braziliya, Cənubi Afrika, İspaniya, Niderland və Fransadan olan rəssamların “urban/street art” (şəhər/küçə incəsənəti) janrında yaratdıqları əsərlər, Buzovna və Mərdəkan qəsəbələrindən olan yaradıcı uşaqların rəsmləri əsasında divar pannosu da nümayiş olunacaq.
Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılacaq. Rəssamın məşhur “Ölümsüzlük otağı” əsəri də ekspozisiyada nümayiş olunacaq. Oktyabrın 1-də açılışı olacaq sərgi 2020-ci il martın 31-dək davam edəcək.
Şamaxı rayonunda isə “Şamaxı antologiyası” əlyazmasına (1468, Britaniya Muzeyi, London) dair sərgi açılacaq. XV əsrdə Şamaxının mədəni mərkəz olduğunu, burada yüksək kitab mədəniyyətinin mövcudluğunu nümayiş etdirən bu şeir məcmusu Azərbaycan miniatür sənətinin ən gözəl incilərindəndir. Əlyazmadakı miniatürlər sərgidə müxtəlif üsul və texnikalarla təqdim olunacaq.
Şamaxıda, həmçinin İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olacaq. Yüngül metal hissəciklərdən hazırlanan əsərin müəllifi rəssam Rəşad Ələkbərovdur.
Festival çərçivəsində bir sıra elan olunmuş müsabiqələrin nəticələri də açıqlanacaq: Azərbaycan Milli Xalça Muzeyinin Nəsimiyə həsr etdiyi xalça eskizi müsabiqəsinin yekun sərgisi açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi xalça eskizləri nümayiş olunacaq. Həmçinin Mədəniyyət Nazirliyinin “Söz” layihəsinin gənc şairlər arasında elan etdiyi Nəsimi ruhunda, yaxud bilavasitə onun şeirlərinə nəzirə olan ən yaxşı poetik əsər müsabiqəsinin nəticələri açıqlanacaq.
Festival günlərində müxtəlif ölkələrin incəsənət xadimləri və qruplarının ifasında mənəviyyat axtarışlarını, dinlər və mədəniyyətlərarası dialoqu tərənnüm edən musiqi proqramları və tamaşalar da təqdim olunacaq. Bu proqramlarda ayrı-ayrı dövrlərə aid ruhani və müasir musiqi nümunələri səslənəcək, fiziki imkanları məhdud insanların sağlam şəxslərlə bərabərlik və birgəliyinin ifadəsi olan rəqsləri nümayiş etdiriləcək.
Almaniyanın “Horizonte” ansamblı, Əfqanıstanın “Zəhra” orkestri, Kanadanın “Klara Furey” rəqs qrupu, Böyük Britaniyanın “Candoco” və “Lost Dog” rəqs qrupları, Estoniyanın “Tallinn Oğlanlar Xoru”, İsrailin “Dudu Tassa & the Kuwaitis” qrupu maraqlı proqramlar təqdim edəcək.
Sentyabrın 29-da Şamaxının Meysəri kəndində Xalq artisti Nəzakət Teymurova dahi şairin poeziyası əsasında muğamlardan ibarət proqramla çıxış edəcək.
Həmin gün Azərbaycan Akademik Dövlət Filarmoniyasında isə tanınmış caz musiqiçisi Salman Qəmbərovun “Səmimi dialoqlar” layihəsi çərçivəsində Fransadan Mişel Qodar (serpent ifaçısı), Almaniyadan Marqrit Buxberger (barokko repertuarlı müğənni) və çinli Vu Vey (şenq ifaçısı) ilə birgə ifaları təqdim olunacaq.
Festival çərçivəsində sentyabrın 30-da Bakıda – İçərişəhərdəki Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində səhnələşdirilmiş poeziya axşamı keçiriləcək.
Həmin gün Opera və Balet Teatrında Çinin Anhui əyalətinin Huicin teatrının təqdimatında “İztirablı könül” tamaşası nümayiş olunacaq. Ənənəvi XVIII əsr üslubunda olan tamaşa özündə teatr sənəti və musiqi, eləcə də akrobatika və pantomima elementlərini birləşdirir.
Festivalın bağlanış mərasimi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək. Proqramda Azərbaycan incəsənət xadimləri, həmçinin ABŞ, Türkiyə, İran, İordaniya və Mərakeşdən ifaçılar iştirak edəcəklər.
Qeyd edək ki, festival dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır və ilk dəfə 2018-ci ildə keçirilib.