ustad Əhsən Dadaşov ifasında...

“Sənətdə ürək birincidir!” devizilə TARı çırpınan ürəyə çevirmiş, ali hissi qabiliyyətilə qəlblər çalmış, şipşirin, dopdolu çalğısı, san-samballı mizrabı, məna-rənalı musiqi cümlələrilə qulaqlarda ulu səs, hafizələrdə xəlqi avaz, şüurlarda cürəbəcürə rəmzlər yaratmış virtuoz sənətkar...

Bu şəxsin (gələcək şəxsiyyətin) adını atasının dayısı, sənətkarlıq dəyərini isə dahi Üzeyir bəy verib.

1937-də “xalq düşməni” adıyla repressiya qurbanı olası o ata 1924-ün sentyabrında dayısına söylədiyi “Bağışla, çox-çox üzr istəyirəm... oğlum olub!” - xəbərə bircə kəlmə eşidib:

“Əhsən!”.

Ürəyi sevinclə dolu o gənc: “Gəldim məsləhətə ki, uşağın adını nə qoyaq?” deyəndə o zəhmli qoca indicə dediyi tənha sözün əvvəlinə bir kəlmə söz və bir ədat əlavə edib: “Dedim də, Əhsən!”

Elə bu adamın “debüt” sənət dəyəri, böyük təltifat tutumlu ilk tərifatı da üç kəlmədən ibarət olub: texnikumda görkəmli musiqiçilər S.Rüstəmov, Mənsur və Ənvər Mənsurovlardan dərs alan, məktəbin açıq konsertlərində mütəmadi çıxış edən Əhsən həmin tədbirlərin birində necə bir “Şur” yaradırsa, böyük Üzeyir Hacıbəylinin dilindən belə bir xeyir-dua səslənir: “Əhsən sənə, Əhsən!”...

 

Ömürcə də –

 

qısa – əlli iki il yaşamış doxsan beş yaşlı yubilyarın bu sənətə gəlişi haqda qeydləri də lakonik: “1938-ci ildi, səkkizinci sinifdə oxuyurdum, bir gün Musiqi Texnikumunun qarşısından keçərkən gözüm divara vurulmuş qəbul elanına sataşdı. “Tar sinfi” sözlərini oxuyanda bu sənətin görkəmli nümayəndələrinin mizrabla yaratdıqları musiqi möcüzələri barədə xəyallara daldım və sənədlərimi hazırlamaq eşqinə düşdüm. Lakin ata-anamın məni həkim görmək istəyini xatırlayıb, bir qədər tərəddüd etdim. Sonra “gizli” fəaliyyətə başladım; ailəmizdən xəbərsiz, sənədlərimi tar sinfinə verdim…”

14 yaşlı bu istedad qəbul imtahanında ustad müəllim-tarzən Ənvər Mənsurovdan bu sözləri eşidir: “Belə güclü musiqi qavramınla sən gələcəkdə ustad sənətkar olacaqsan!”

Bu ustad haqqında yazılmış kitabdan:

“...Konferansyenin incə tembrli səsi salona yayıldı:

- “Şur”. Tarda çalır Musiqi Texnikumunun əlaçı tələbəsi Əhsən Dadaşov.

Yüksək zövqlü tamaşaçılardan ibarət zal sükuta qərq oldu. Məxmər pərdələr ağır-ağır qalxdı. On altı yaşlı Əhsənin səhnəyə peşəkar tarzənlərə məxsus sərbəstliklə çıxması buraya toplaşanların marağını daha da artırdı.

Ürəyi döyünə-döyünə tarı sinəsinə götürdü və neçə vaxtdı hamınınkından fərqli bu “sədəfli”si ilə ürəyində danışdığı sehr-sirri birər-birər salon əhlinə söyləməyə başladı...”

Hələ onun işə qəbul “macəra”sı!...

Bəli, görkəmli bəstəkar-dirijor Səid Rüstəmov bu parlaq istedadı rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul etmək istərkən bəlli olur ki, hələ onun pasport yaşı çatmayıb. Və Səid müəllim məsələyə bu sözlərilə xitam verir: “Əhsənin vətəndaşlıq pasportu olmasa da, sənətkarlıq pasportunu çoxdan alıb!…”

Atası Mirzə Əlabbasın məruz qoyulduğu “tuthatut” illəri haqda nəvəsi – Xanım Əhsən qızının xatirələrindən götürdüyümüz parça isə bir qədər geniş, bir sürə “segah”i: “Babamı həbsə gələnlərin ikisi erməni imiş. Evi alt-üst edib, kitablarını təpikləyib, nənəmin qır-qızıllarını aparıblar. Qohum-əqrəbaya görüş vermirmişlər. “Peredaça”nı çatdırmaqçün anası ilə qardaşı bütün günü növbədə dayanıb geri qayıdırmışlar. Atam danışırdı ki, soyuqda-qarda da günlərlə gözləyir, bir doğru-dürüst cavab ala bilmirdik. İllər sonra öyrəniblər ki, sən demə, ataları elə ilk gündən Sibirə sürgün edilibmiş. Sonrakı taleyindənsə xəbər tuta bilməyiblər. Deyirəm, bəlkə atamın çalğılarındakı aşırı yanıqlıqlar bir az da o olaylardan yanaymış?...

Əmim deyirdi “hamını əsgərliyə aparırdılar, biz iki qardaşı “xalq düşməni” övladları olduğumuzçün çağırmırdılar”. Lakin 1943-cü ildə onları da aparırlar. Cəbhəyə yox, Mahaçqala fəhlə batalyonuna. Ağır işlər, çətin şərait atamın sağlamlığına pis təsir göstərir. Çox ağır xəstələnir. Batalyon həkimi Aşurbəyov onu Bakıya yazır. Burada müalicə olunub sağalır və yenidən S.Rüstəmov onu orkestrə qəbul edir. Qardaşı isə Bakıya bərk yaralı dönür”.

 

İllər ötəcək –

 

o (F.Əmirovla Ə.Əlibəylinin təşəbbüsü ilə) Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Xalq çalğı alətləri ansamblını yaradıb, ömrünün sonunadək rəhbəri olacaq. “Zirvə solist”, “dirijor-müşayiətçi, orkestr ifaçısı”, “tükənməz fantaziya”, “etalon orientasiya”, “imzasız bəstəçi” “heyrətamiz təmkin”, “dolğun mizrab” (hələ “dil”ini yalnız peşəkarların bildiyi Əhsənəməxsus “lal barmaqlar”, “xun” və s.) kimi şöhrət notları daxili və (Rəşid Behbudovun ansamblının üzvü kimi) xarici sənət aləmlərinə yayılacaq. Büsbütün özünəməxsusluqla ifa etdiyi, “sehri-barmaqlar”ı ilə hər birində yeni xallar vurduğu, “tazə çalarlar” əlavə etdiyi “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Humayun”, “Vilayəti-Dilkeş”, “Çahargah”, “Bayatı-Şiraz” muğamları teleradionun “qızıl fond”unda saxlanılacaq. Daha sonralar məşhur pedaqoq kimi tanınacaq, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində “qızıl barmaqlı tarzən, özəl-gözəl nitqli müəllim” sifətilə dəyərləndiriləcək. Bəstəkar H.Xanməmmədov tar ilə simfonik orkestr üçün yazdığı ilk (Şərqdə də ilk) konserti ona ithaf edəcək və bu maraqlı əsərin ilk ifaçısı Əhsən Dadaşov özü olacaq. Ömrünün sonunadək bədii rəhbəri olduğu ansambl vəfatından sonra, ustadın xatirəsinə sayğı əlaməti olaraq, Əhsən Dadaşov adına “Xatirə” Xalq çalğı alətləri ansamblı kimi fəaliyyət göstərəcək...

Və dünya şöhrətli bəstəkarımız Fikrət Əmirov deyəcək: “Əhsən Dadaşovun yaratdığı Xalq çalğı alətləri ansamblının repertuarı öz rəngarəngliyinə, yüksək temperament və ifaçılıq texnikasına görə başqa ansambllardan fərqlənir. Nə xoş və nə milli fəxarət ki, əsas atributu milli tarımız olan bu ansambl respublikamızın hüdudlarından kənarlarda da məşhurdur”.

Qədim, zəngin mədəniyyət xəzinəmizin ən ali zinətçilərindən olan –

 

Bu sənətkar –

 

tarixən inkişaf edən, texniki və bədii baxımdan təkmilləşən, müasirləşən muğam-musiqi-çalğı aləmimizin ustad davamçılarından olub. Ötən yüzilliyin ortalarından daha müstəqil və geniş meydan götürən sazəndəlik sənətimiz xanəndəliklə bərabər tutulmağa başlanmış, getdikcə yeni inkişaf mərhələləri qazanmış, bir çox məşhur ifaçıların (Sadıqcan, M.Cəmil, B.Mənsurov, Ə.Bakıxanov, Q.Pirimov, M.Mənsurov, B.Salahov, H.Məmmədov, H.Bayramov və b.) yetişməsinə səbəb olmuşdur. Əhsən Dadaşov klassik peşəkar ifaçılar içərisində xüsusilə seçilənlərdən, tarın (və udun) çalğı-fantaz elementlərini daha yüksək səviyyəyə qaldırmışlardandır.

Muğam və bəstəkar əsərlərinin tar və (ilk dəfə məhz Ə.Dadaşovun öz ansamblına daxil etdiyi) qədim çalğı alətlərimizdən biri olan udda müstəqil-solo ifaçılığı da bu sənətkarın yaradıcılığında xüsusi səslənməyə başlamış, udun ümumi tembr və ahəng palitrası daha da gözəlləşmişdir. Əhsən Dadaşov bir sıra rəng və təsniflərin də müəllifidir. Musiqi mütəxəssislərinin də vurğuladıqları kimi, özünəməxsus zəngin yaradıcılıq yolu keçən bu ustadın ifaçılıq fəaliyyəti çox gur çeşməni xatırladır. Bu çeşmədən çoxları su içib və içməkdədir. Əhsən Dadaşov ifaçılığında elə bir müdriklik, Şərq fəlsəfəsi, Dədə Qorqud müdrikliyi, ululuq yanğıları var ki, onun mahnı, hava-havacat çalğılarından da muğam xəyalatları dalğalanır. Onun yaradıcılıq və həyat yolunu araşdıranlar “Bu sənətkarın ifaçılıq üslubunu səciyyələndirən cəhətlərdən biri də ən sadə musiqi cümlələrindən tutmuş mürəkkəb, virtuoz gəzişmələrədək bütün musiqi komponentlərinin fərdiliyini, çalarlarını bənzərsiz mizrablarla dinləyiciyə çatdırmaq qüdrətində idi” kimi qənaətlərə gəliblər. “O, klassik və professional çağdaş musiqimizi, muğam hissələrini, guşələrini bir-birinə peyvənd edirdi! “Mübahisəsiz şedevr” kimi qiymətləndirilən “Əhsən “Şur”u” buna misal! O, heç bir muğamı qəlibə salmır, hər birinin “ladınaməxsus fəlsəfə”sini yaradırdı...

Sonda... ənənəvi (başqa sözlə, öyrəşdiyimiz) “Leyli-Məcnun”, Əsli-Kərəm” duallıqları əksinə olan bir dastan –

 

Əhsən və Qədir...

 

Əlbəttə, ecazkar “Sona bülbüllər” hadisəsi üstdə.

Bunu “Ramedici Əhsən ilə ərköyün Qədirin sənət möcüzəsi” də adlandırmaq olar.

Öncə, onların biri-birilə bağlı dediyi sözlər:

Ə.Dadaşov: “Qədir Rüstəmov başqa aləmdir!”

Q.Rüstəmov: “Mən Əhsən müəllimə bütün ömrüm boyu borcluyam!”

Və 1968-ci ilin qaynar avqustu. Geniş studiyaya təntimiş halda daxil olub, əlindəki qavaldan bərk-bərk yapışıb, ətrafını özgə bir dünya kimi seyr edə-edə ansambla yaxınlaşan arıq, çəlimsiz, “qayışbaldır” oğlanın nəzərləri bir neçə gündü onu dilə tutub, “yola gətirmiş” Əhsən müəllimin təbəssüm dolu üz-gözündə gəzişəndə qulaqlarına bu sözlər dəyir: “Uşaqlar, bu çox cavan, əla dəlisov, əcəb ərköyün, əntiq məğrur oğlan Ağdamdandır, adı Qədirdi, Asəf Zeynallıda oxuyur. O biri oxumağını isə indi görərsiz. Məlumunuz olsun ki, bu gün xalq mahnısı “Sona bülbüllər”in məşqinə başlayırıq. Bunun neçə saat, neçə gün, neçə həftə davam edəcəyi isə... bu çox cavan, bu əla dəlisov, bu əcəb ərköyün, bu əntiq məğrur oğlanın bizə iltifatından asılı olacaq...

...İldırımlı anlar, şimşəkli məqamlar yaşana-yaşana başa gəlmiş, “daşlı-kəsəkli yollar” keçibən ərsəyə yetmiş bu möcüzə-ifanın alınmasında heç də az zəhmət çəkməmiş ansambl üzvlərinin xatirələrindən yaranmış belə bir ümumi qənaət:

Qədirin səsi Əhsən müəllimi, tarzənin təlatümü xanəndəni boğurdu elə bil. Əhsən müəllim sanki tarı yox, Qədirin ürəyini çalırdı. Onun gözləri də – barmaqları kimi, Qədirin səsinə səs verib oxuyurdu. Qədir misralardakı cəm şəkilçilərini (bülbül+lər, sünbül+lər və s.) yanğı və ustalıqla vurğuladıqca, Əhsən müəllim yenidən oyanır, yenidən çalmağa, yenidən müşayiət etməyə başlayırdı...

Bəli, –

 

Deyirlər...

 

o günlər deyirmişlər, bəli, bəli, bəli, nəhayət, tədbirlilər tədbirlisi Əhsən müəllim ipə-sapayatmaz Qədir Rüstəmovu oxuda bildi!

Təbiətin o qızmar, sənətə, yaradıcılığa ictimai-sosial vurğunluğun o qaynar çağlarında Qədirin minbir şıltağına dözübən, nəhayət, ondan belə bir sənət məcunu “qoparan” bu ustad – o ağırbatmanlıqda olan Əhsən müəllim 17 variantda yazılan o “Sona bülbüllər” lentini təbərriktək qoltuğuna vurub tele-radio komitəsinə qaçıbmış...

O “Sona bülbüllər”i ki, yarım əsrdən çoxdur hər kərə səslənəndə nübar kimi dadlanır…

Tahir ABBASLI