Kinosevərlərin yaddaşında yaşayan rus aktyoru Andrey Fayt Azərbaycan kinosunda da maraqlı obrazlar yaradıb. O, Azərbaycanda yaratdığı obrazlara görə sevilməsə də, hamının yaxşı tanıdığı bir aktyordur.

Rejissor Əlisəttar Atakişiyevin “Bir qalanın sirri” filmində Göygöz kosa, rejissor Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmində isə Mazelli obrazını məharətlə yaradıb. Məşhur aktyor ömrünün sonunadək kinoya çəkilib, amma, demək olar ki, heç bir filmdə müsbət rol almayıb.

Andrey Аndrеyeviç Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində həkim ailəsində dünyaya göz açır. Atası inqilabçı təmayüllərə yaxın olub, buna görə də tez-tez həbs edilib. Növbəti dəfə həbs edildikdə Sibirə sürgün olunur. Lakin sürgünə aparılarkən öz pasiyentlərinin köməyi ilə qaçmağa müvəffəq olur. Fransaya gedir. Bir müddət sonra həyat yoldaşı iki oğlu ilə onun arxasınca gəlir. Onlar bir neçə il Paris yaxınlığındakı rus icmasında yaşayırlar. Andrey orada liseyə gedir. Birinci Dünya müharibəsi başlayanda atası fransız ordusunun həkimi kimi cəbhəyə gedir. Anası isə uşaqlarla birlikdə Moskvaya qayıdır.

Fayt gimnaziyanı Rusiyada başa vurur. Hava Donanması Mühəndisliyi İnstitutuna daxil olur. Bu arada Sergey Eyzenşteynin “Potyomkin” filminə çəkilir. Bundan sonra mühəndis olmaq fikrindən daşınır, aktyor olmaq həvəsinə düşür. Dövlət Kinematoqrafiya İnstitutuna qəbul olunur. 1927-ci ildə təhsilini başa vurur. Onu da qeyd edək ki, bu, peşəkar sovet kinoaktyorlarının ilk buraxılışı idi.

Aktyor sonralar xatirələr kitabında belə yazırdı: “1922-ci ilin qışı fəsl idi. Bilirdim ki, Moskvada Kinematoqrafiya İnstitutu var. Üzümü taraş etdim və təmiz köynək geyindim. Bu unikal institutun yerləşdiyi əraziyə getdim. Təsəvvür edin, ilin ortasında cavan bir oğlan instituta gəlir və tələbə olmaq arzusunu bildirir. İnstitutun rəhbəri onu imtahana buraxır...”.

Bundan sonra o ard-arda filmlərə çəkilir. Həmişə də onu mənfi rollara dəvət edirlər. O, personajın xarakterini açmaq üçün öz üzərində çox işləyirdi. Hər obraza uyğun hərəkətlər, baxışlar tapırdı. Bununla da tamaşaçını obrazın mənfi xüsusiyyətinə inandırmağa nail olurdu.

Andrey Fayt kinoda 60-dan çox rol oynayıb. Yaratdığı mənfi obrazlara görə, o, sovet ekranının “baş yaramaz”ı kimi tanınıb. Rejissorlar Faytı təkcə rollara uyğun xarici görünüşünə görə deyil, mənfi rolların mənəvi aləmini çox yaxşı ifadə etdiyinə görə çəkilişə dəvət ediblər. Aktyor “Ələddinin sehrli çırağı”nda Məğribli cadugər və “Əyri güzgülərin krallığı” filmindəki nazir Nuşrokov rollarını məharətlə oynayıb.

Andrey Fayt xatirələr kitabında yazıb: “Məndən soruşurlar, nə üçün mənfi rolları oynayırsan? Bu, çətindirmi? Əlbəttə, qəhrəmanları oynamaq xoşdur. Xüsusən, gənclikdə sənə zillənən ilhamlı gözləri seyr etmək məftunedicidir. Amma bu baxışlar mənə tanış deyil. Mən ekranda sui-qəsdlər törətmişəm, satqınlıq və diversiyalara rəhbərlik etmişəm. Ən qərarverici məqam isə mənim öz məqsədimə çatmağım olub. Sonda mənim planlarım alt-üst olub və cəzalanmışam. Zalda isə qopan alqışlar mənə yox, qəhrəmana ünvanlanıb...”.

Andrey Fayt qocalana qədər yaxşı formada olub. Filmlərdə tryuk səhnələrini özü oynayıb. 60 yaşında “Əyri güzgülərin krallığı” filminin çəkiliş meydanında atın üzərinə özü tullanıb…

Görkəmli aktyor 72 yaşında, 16 yanvar 1976-cı ildə vəfat edib.

Savalan FƏRƏCOV