Quba rayonunun dəniz səviyyəsindən 2200-2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndində – Xınalıq Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisində “Dağların başı” layihəsi çərçivəsində musiqi festivalı keçirilib.
Sentyabrın 6-dan 8-dək davam edən festival müddətində Azərbaycan, Gürcüstan və Macarıstandan olan ifaçılar öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir zamanı ustad dərsləri də təşkil olunub.
Festivalın açılışında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid iştirak ediblər.
Fuad Nağıyev çıxışında Xınalıq Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun yeni konservasiya və inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb. Florian Zenqstşmid isə qeyd edib ki, belə festivallar sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, regionda turizmin inkişafını da təşviq edir.
Layihə ərzində ərsəyə gətirilmiş məhsulların satışı məqsədilə yarmarka da fəaliyyət göstərib. Bundan əlavə, açıq havada kino nümayişi də təşkil olunub.
Qeyd edək ki, “VarYox” mədəniyyət və incəsənət təşkilatının rəhbərlik etdiyi “Dağların başı” layihəsinin koordinasiyasını Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi edir. Məqsəd incəsənət mütəxəssislərinin iştirakı ilə Xınalıq icmasının mədəni-sosial və iqtisadi həyatını canlandırmaq, toxuculuq üzrə yeni yaradıcı dizayn yanaşmasını tətbiq etmək, bu məkanın təbii və mədəni resurslarından istifadə edərək müxtəlif yeni fəaliyyət növlərini və məhsullarını yaratmaqdır.
Avqustun 16-dan başlayan layihə müddətində azərbaycanlı və xarici sənətkarlar Xınalıq kəndində məskunlaşıb, sənət nümunələri ərsəyə gətiriblər. Yerli əhaliyə xarici turistlərlə ünsiyyət bacarıqlarının gücləndirilməsi istiqamətində təlimlər keçilib.