Sentyabrın 6-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) paytaxtın Xəzər rayonu ərazisindəki Ekoloji parkında “Georgian Drag 2019” beynəlxalq fotomüsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Mərasimdən əvvəl qonaqlar qalib fotoqrafların işlərindən ibarət sərgi ilə tanış oldular.

“Eko park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin rəhbəri Tahir Şıxəliyev mərasimin belə bir məkanda təşkilindən məmnunluğunu ifadə etdi, qaliblərə yaradıcılıqlarında uğurlar arzuladı.

Müsabiqənin təşkilatçılarından olan Azərbaycan Fotoqraflar Birliyinin (AFB) bədii işlər üzrə sədr müavini, münsiflər heyətinin üzvü Rauf Umudov bildirdi ki, müsabiqə Gürcüstan Fotoqraflar Assosiasiyası tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) tərəfdaşlığı və “Eko park: Ekoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin dəstəyi ilə keçirilib: “Müsabiqədə Azərbaycan fotoqraflarının da iştirakı və qələbəsi bizləri çox sevindirdi”.

O diqqətə çatdırdı ki, müsabiqədə ümumilikdə 4 bölmə üzrə 157 mükafat uğrunda sənət yarışına 52 ölkədən 327 fotoqrafın 4733 əsəri daxil olub. Müsabiqədə Azərbaycan fotoqrafları 5 mükafat – 1 qızıl, 1 gümüş, 2 bürünc medal və mavi lent qazanıblar.

Daha sonra mükafatlar sahiblərinə təqdim olundu. AFB-nin üzvləri Şahin Sərkərov qızıl medal, Fərqanə Qasımlı gümüş, Aydın Mehdiyev və Nadejda Cavad bürünc medal, birliyin fəxri üzvü, Rusiya Fotoqraflar İttifaqının üzvü Svetlana Kamkova müsabiqənin diplomu ilə təltif olundu.

Tədbirdə iştirak edən Gürcüstan Fotoqraflar Assosiasiyasının sədri Kaxa Pxakadze və gürcü fotoqraf Nino Mqebrişvili sərgi barədə öz fikirlərini bölüşərək azərbaycanlı həmkarlarını təbrik etdilər, birgə əməkdaşlıqla fəxr etdiklərini vurğuladılar. Qonaqpərvərliyə və tədbirin təşkilinə görə minnətdarlığını bildirən Kaxa Pxakadze “Georgian Drag 2019”a təqdim olunan əsərlərin çoxluğunu fotomüsabiqəyə olan marağın göstəricisi kimi dəyərləndirdi.

Qaliblər mükafata və onların foto duyğularının qiymətləndirilməsinə görə təşkilat komitəsinə, münsiflərə təşəkkürlərini bildirdilər. Vurğulandı ki, təqdim edilən işlərdə etnoqrafiya, sənət, sevgi, insanlıq, adət-ənənə kimi mövzular üstünlük təşkil edir.  Sonda müsabiqə qalibləri və xarici qonaqlar eko-parkda ağac əkdilər.

Lalə AZƏRİ