Ötən il səyahət həvəskarlarının ən çox səfər etdikləri şəhər Tailandın paytaxtı Banqkok olub. 2018-ci ildə bu şəhərə 22,8 milyon turist gəlib.

“Mastercard” şirkəti ötən il turistlərin dünyanın ən çox səfər etdikləri və ən çox pul xərclədikləri şəhərlərin reytinqlərini (“Global Destination Cities Index”) dərc edib.

Reytinqlər tərtib edilərkən turistlərin müəyyən şəhərdə ən azı bir gün gecələməsi nəzərə alınıb.

Banqkok səyahət həvəskarlarının ən çox səfər etdikləri şəhər olsa da, ən çox pul xərclənən şəhərlərin siyahısında üçüncü olub. Bu sırada birinci yeri Dubay (30,8 milyard dollar) tutub.

Turistlərin 2018-ci ildə ən çox səfər etdikləri şəhərlərin ilk onluğu belədir: Banqkok (Tailand) –  22,78 milyon nəfər; Paris (Fransa) – 19,1 milyon; London (Böyük Britaniya) – 19,09 milyon; Dubay (Birləşmiş Ərəb Əmirlikləri) – 15,93 milyon; Sinqapur (Sinqapur) – 14,67 milyon; Kuala-Lumpur (Malayziya) – 13,79 milyon; Nyu-York (ABŞ) – 13,6 milyon; İstanbul (Türkiyə) – 13,4 milyon; Tokio (Yaponiya) – 12,93 milyon və Antalya (Türkiyə) – 12,41 milyon nəfər.

Turistlərin 2018-ci ildə ən çox pul xərclədikləri şəhərlərin onluğu isə belə sıralanıb:

Dubay – 30,82: Məkkə (Səudiyyə Ərəbistanı) – 20,09 milyard dollar;  Banqkok  – 20,03; Sinqapur – 16,56;  London – 16,47; Nyu-York – 16,43; Paris – 14,06; Tokio – 13,77; Palma-de-Malyorka (İspaniya) – 12,69; Phuket (Tailand) – 12,01 milyard dollar.

İLONA