Monteneqronun Biyelo Polya şəhərində 49-cu “Ratkoviç poeziya axşamları” festivalı keçirilib. Monteneqronun tanınmış şairi, eyni zamanda diplomat kimi fəaliyyət göstərmiş Risto Ratkoviçin xatirəsinə həsr olunan festival regionun əhəmiyyətli mədəniyyət tədbirlərindən biri hesab edilir.
Beynəlxalq festival Risto Ratkoviçin anadan olduğu Biyelo Polya şəhərində artıq 49 ildir təşkil edilir. Budəfəki tədbirə, Balkan regionu ölkələri ilə yanaşı, Türkiyə, Almaniya, Avstriya, Çin, Ukrayna, İspaniya və digər ölkələrdən mədəniyyət və incəsənət xadimləri qatılıblar. İlk dəfə festivalda ölkəmizi “Söz” ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə təmsil edib.
Festivalın açılışında Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç çıxış edib.
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin dəvəti, Azərbaycanın Mədəniyyət Nazirliyi və ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin dəstəyi ilə tədbirdə iştirak edən Nigar Həsənzadənin şeirləri maraqla qarşılanıb.
Festival çərçivəsində Nigar Həsənzadə Monteneqronun Mədəniyyət naziri Aleksandr Boqdanoviç, akademik Zuvdiya Hodzic, Müstəqil Yazıçılar Birliyinin sədri Milorad Popoviç, dramaturq və yazıçı Dragana Tripkoviç ilə görüşüb.
Monteneqro tərəfinin təşəbbüsü ilə azərbaycanlı şairənin yeni kitabının tərcümə və nəşr edilməsi qərara alınıb.