“Bu film sübut edir ki, vaxtilə faşizmə qalib gələn dost ölkələr yaradıcılıq sahəsində də birgə layihələr həyata keçirə bilərlər”
Mayın 9-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Yarımçıq xatirələr” adlı tammetrajlı bədii filmin təqdimat mərasimi keçirildi.
“Bu mövzu bizim üçün bu gün də aktualdır”
Filmin nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Böyük Vətən müharibəsi veteranlarını, zabitləri və generalları, habelə təqdimatda iştirak edən Belarus və Gürcüstan nümayəndə heyətlərini səmimi salamlayaraq onları 9 May - Qələbə Günü münasibətilə təbrik etdi. Nazir bildirdi ki, faşizm üzərində Qələbənin 70 illiyi dünyanın bir çox şəhərlərində təntənə ilə qeyd edilir, musiqi festivalları, sərgilər, digər layihələr gerçəkləşir. Azərbaycanda da mədəniyyət müəssisələrində bu münasibətlə xüsusi hazırlıqlar görülüb, tədbirlər həyata keçirilib: “Bu gün xüsusi bir gündür. Buna görə fikirləşdik ki, bayrama daha bir maraqlı töhfə verək. Bizim kino cəbhəsinin işçiləri bu bayrama əliboş gəlməyiblər. Müharibə mövzusunda çəkilmiş film sizlərə təqdim ediləcək. Tarix boyu çox müharibələr aparılıb və bu müharibələr hər bir xalq üçün ibrət dərsi olub. Bu isə gələcək nəslin sülhdə, əmin-amanlıqda, dostluq şəraitində yaşamasıdır. Əfsuslar olsun ki, bu tarixi ibrət hamıya şamil edilmir. Hazırda Azərbaycanın torpaqları vaxtilə Böyük Vətən müharibəsində çiyin-çiyinə vuruşduqları bədnam qonşular tərəfindən işğal edilib. Buna görə də mövzu bizim üçün bu gün də aktualdır. Erməni millətçilərinin siyasəti nəticəsində bizim xalqımız yenidən müharibə faciəsini yaşadı. Xalqımız çətinlikləri dəf etməyə qadirdir və bu gün ölkəmizin firavanlığı, torpaqların müdafiəsi bizim əsgər və zabitlərin şücaətindən asılıdır”.
Azərbaycan Prezidenti tərəfindən Qələbənin 70 illiyi ilə bağlı xüsusi sərəncam imzalandığını xatırladan nazir 9 may günü Moskvada keçirilən beynəlmiləl paradda ölkə başçısı İlham Əliyevin və Azərbaycan əsgərlərinin iştirak etdiyini diqqətə çatdırdı: “Bu paradda iştirak edən hərbçilərimizlə biz öz mövqeyimizi, gücümüzü bir daha nümayiş etdiririk. Bizim xalq sülhsevər xalqdır və hər zaman ədalətin tərəfində olub”.
Vurğulandı ki, təqdim edilən film də beynəlmiləl yaradıcı heyətin əməyi ilə ərsəyə gəlib: “Bu ekran əsəri sübut edir ki, vaxtilə faşizmə qalib gələn dost ölkələr yaradıcılıq sahəsində də birgə, uğurlu layihələr yarada bilərlər. Zalıma qalib gəlmək üçün xeyirxah dostlar bir araya gəlməlidir. İnanıram ki, təqdim edilən film uğurlu olacaq və kino tariximizdə layiqli yerini tutacaq”.
Cəbhədən cəbhəyə: iki müharibənin əsgəri
Sonra filmin yaradıcı kollektivi səhnəyə çıxdı. Heyəti tamaşaçılara təqdim edən filmin quruluşçu rejissoru Elxan Cəfərov qeyd etdi ki, Azərbaycan və rus dillərində səsləndirilən filmin əsas çəkilişləri Belarusda - Brestdə, Minskdə və Vileyka qəsəbəsində aparılıb. 150 nəfərdən ibarət yaradıcı kollektivin sırasında azərbaycanlılar, beloruslar və gürcülər yer alıb. Rejissor filmin çəkilişinə dəstək olduqlarına görə Müdafiə və Daxili İşlər nazirliklərinə təşəkkürünü bildirdi.
Sonra “Yarımçıq xatirələr” filmi nümayiş olundu. Ekran əsəri 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edir. Ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operator Nadir Mehdiyev, səs operatoru Tariyel Həsənzadə, quruluşçu rəssamlar Rafiq Nəsirov və Vadim Şafranski, bəstəkarı Polad Bülbüloğlu, redaktor Ramiz Rövşən, icraçı prodüser Azər Quliyev, prodüser Müşfiq Hətəmovdur. Filmdə Bəhruz Vaqifoğlu, Şamil Məhərrəmov, Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər. Təqdimat mərasimində həmçinin Müdafiə və Daxili İşlər nazirliklərinin nümayəndələri, dövlət rəsmiləri iştirak edirdilər.
Yaradıcı heyətin təəssüratları
Rejissor Elxan Cəfərov:
- İlk növbədə çox sevinirəm ki, məhz Qələbə Günündə filmi təqdim edə bildik. Ümumi istehsal müddəti bir il dörd ay oldu. Bunun yarısı Belarusda çəkildi və bilirsiniz ki, filmin fabulası iki paralel süjet üzərində qurulub. II Dünya və Qarabağ müharibələri, iki müharibənin müqayisəsi. Çox istərdik ki, film daha geniş auditoriyaya yayımlansın. Ona görə rus dili variantını da işlədik. Qarabağ problemini kino vasitəsilə dünyaya çıxarmaq istərdik. Fəxr edirəm ki, bu mövzuda yenidən film işləmək mənə nəsib oldu. Bu gün bizim üçün həm də ona görə önəmlidir ki, bu ekran əsəri ilə tamaşaçılara “Azərbaycanfilm”in artıq müəyyən qədər industriallaşmış mərhələdə olduğunu sübut edək. Azərbaycan kinosu inkişaf edir. Yaxın gələcəkdə bizim dünya kinematoqrafiyasında öz sözümüzü deməyə imkanımız olacaq. Müxtəlif festivallarda, dünya kino bazarında filmlərimiz təqdim edilir. İstərdik ki, kommersiya nöqteyi-nəzərindən də bu işdə irəli gedə bilək. Müəllif kinosu ilə yanaşı, kommersiya proyekti kimi də təqdim etmək imkanımız olsun.
Baş rolun ifaçısı Bəhruz Vaqifoğlu:
- Filmlə bağlı gözləntim ilk çəkiliş günlərindən necə idisə, gözlədiyim nəticə də əldə olundu. Artıq çəkilişlər zamanı bəlli idi ki, işimiz uğurlu olacaq. İnanıram ki, film dirçəlməkdə olan Azərbaycan kinosuna yeni bir təkan verəcək. Bütün dostlara bu cür filmlərdə rol almağı arzulayıram. Başda rejissor Elxan Cəfərov olmaqla filmdə əziyyəti keçən hər kəsi təbrik edirəm.
Belaruslu ssenarist Konstantin Vorobyov:
- Azərbaycanlı həmkarlarımla birgə işləmək mənim üçün xoş oldu. İnanıram ki, film tamaşaçıların xoşuna gələcək. Təqdimatda çıxış edən nazir bildirdi ki, bizim xalqlar həmişə dost olublar və bu film də Azərbaycan və Belarusun yaradıcı insanlarının dostluq nümunəsidir. Eyni zamanda sizin torpaqlar bu gün işğal altındadır. Müharibə elə müharibədir, istər ötən əsrdə olsun, istərsə də müasir dövrdə. Arzu edirəm ki, tezliklə siz də qələbə hisslərini yaşayasınız və bütün dünyada sülh bərqərar olsun. Çəkilişlər zamanı yaşananları isə filmə baxan hər kəs duyacaq, məncə, bu barədə artıq söz deməyə ehtiyac qalmır.
* * *
Nizami Kino Mərkəzinin zalında yer tapa bilməyən bir çox kinosevər filmi ayaq üstə seyr edirdilər. Bu, mövzunun aktuallığı ilə yanaşı, yaradıcı heyətin, rejissor yozumunun uğurundan xəbər verirdi.
Lalə Azəri