Xəbər verdiyimiz kimi, Beynəlxalq Muzeylər Şurasının (İCOM) sentyabrın 1-dən 7-dək Yaponiyanın Kioto şəhərində keçirilən 25-ci Baş konfransında Azərbaycan nümayəndə heyəti də fəal iştirak edib.
İCOM-un üç ildən bir gerçəkləşən toplantısı bu dəfə “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizi altında keçirilib. Toplantıya İCOM Azərbaycan Milli Komitəsinin 18 üzvü daxil olmaqla dünya ölkələrindən 4500-dən çox muzey mütəxəssisi qatılıb.
Milli Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova “Günəşin doğduğu ölkə və odlar diyarı – kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova “Musiqi həvəskarları klubu dayanıqlı mədəni fəaliyyətin nümunəsi kimi”, “Azərbaycan musiqi mədəniyyətinin inkişafında təhsilin rolu və muzeyin təhsilə töhfəsi” mövzularında məruzələrini təqdim edib. “İçərişəhər” Muzey Mərkəzinin Ekspozisiyalar və beynəlxalq əlaqələr şöbəsinin daimi ekspozisiyalar üzrə sektor müdiri Həcər Alxasovanın “İçərişəhərdə şəhər arxeologiyası” mövzusunda məruzəsi, müstəqil kurator Əsli Səmədovanın “Qadın səsi: ənənə, moda və zəriflik Qafqazda və onun hüdudlarından kənarda”, “Milli irsimiz layihəsinin sərgiləri” adlı məruzələri də dinlənilib.
Konfrans çərçivəsində Şirin Məlikova xüsusi dəvətlə gənc muzey mütəxəssisləri üçün təşkil olunmuş muzey idarəçiliyi mövzusunda birsaatlıq mentor sessiyanı aparıb. Həcər Alxasova İCOM-un Tarix və Arxeologiya Muzeyləri və Kolleksiyaları (İCMAH) üzrə Beynəlxalq Komitəsinin, Milli Xalça Muzeyinin baş mütəxəssisi Rəna Zeynalova İCOM-un Etnoqrafiya Muzeyləri və Kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin (İCME) idarə heyətinin üzvü seçilib.
Qeyd edək ki, tədbirdə təşkilatın üç beynəlxalq komitəsinin – İNTERCOM və İCME-nin birgə illik konfransının, eləcə də İCLCM-in illik konfransının 2020-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı irəli sürülən təklif qəbul olunub.