Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən, nəsilə bir yadigardır!
Səməd Vurğun
Azərbaycan qədim tarixi-mədəniyyət abidələri ilə zəngin ölkədir. Keçmişimizi bu günə, bu günümüzü gələcəyə daşıyan memarlıq abidələrimiz həm də tariximizin qoruyucusu – daş yaddaşıdır. Belə daş yaddaşlarımızdan biri də Gilan türbəsidir.
Tarixdən məlumdur ki, Gilan şəhəri Orta əsrlərdə indiki Ordubad rayonu ərazisində, Araz çayının sol sahilində salınıb. Feodal ara müharibələri nəticəsində şəhər dağıdılıb. Yalnız Gilan türbəsinin bir hissəsi dövrümüzədək salamat qalıb...
1979-cu ildə Gilan şəhəri xarabalıqlarında tədqiqatçılar elmi axtarışlar aparıb. Təpəlikdə tikilmiş türbədən (Xaraba Gilan türbəsi) maddi mədəniyyət nümunələri aşkar edilib. Türbədə qəbirüstü sərdabə uçub-dağıldığından məzarın kimə məxsus olduğu müəyyən olunmayıb. Gilan türbəsinin aşağı hissəsi Möminə xatın məqbərəsinə oxşadığından həmin tikilinin XII yüzilliyə aid olduğu ehtimal olunub.
Gilan türbəsi qədim şəhər xarabalıqlarının mürəkkəb relyefində, iri bir təpənin yamacında inşa edilib. Mütəxəssislər qeyd edirlər ki, sərdabə daxildən səkkizbucaqlı, xaricdən isə düzbucaqlıdır. İçərisində sonradan tikildiyi aydın görünən və iç quruluşu ilə uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi Azərbaycan və qonşu ölkələrin orta əsr memarlığında geniş yayılmış səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük konstruksiyasına görə fərqlənir. Gilan sərdabəsində örtüyün ortası iç məkanın mərkəzində ucalan – yuxarıya doğru göbələkvarı genişlənən sütuna dayanır. Buna bənzər mərkəzi dayaq sütunu Azərbaycan ərazisində indiyədək iki abidədə -
Marağadakı qırmızı günbəz (1148) və Naxçıvandakı Möminə xatın (1186) türbələrinin sərdabələrində aşkar edilib.
Gilan türbəsi quruluşca sadədir və tikinti texnikasının səviyyəsinə görə həmin türbələrdən geri qalır. Maraqlıdır ki, hər üç abidə Azərbaycanın mərkəzi hissəsində - Naxçıvan-Marağa memarlıq məktəbi zonasındadır.
Ancaq Gilan türbəsinin konstruksiya baxımdan ən yaxın analogiyası Türkiyə ərazisindədir. Mütəxəssislərin fikrincə Gilan sərdabəsi memarlıq quruluşuna görə Şərqi Anadolunun Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsi (XII əsr) ilə eyniyyət təşkil edir. Hətta hər iki sərdabənin ölçüləri, həcmi və hündürlüyü də bir-birinə olduqca uyğun gəlir. Ancaq nisbətlərin ağırlığı memarlıq elementlərində və inşaat işlərində aydın görünür. Bu sadəlik onu Türkiyədəki abidədən bir qədər fərqləndirir.
AMEA-nın müxbir üzvü, Səlcuqlar dövrü Azərbaycan memarlıq abidələrinin tədqiqatçısı Cəfər Qiyasinin fikrincə, Kemahdakı türbə də Naxçıvan-Marağa memarlıq məktəbi nümayəndəsinin işi ola bilər. Belə ki, həmin illərdə Menqucuqların əsas tikililərini iki azərbaycanlı memar inşa edib. Onlardan biri memar Əhməd Əbubəkr oğlu Mərəndli olub. Onun Sivasda ucaltdığı abidə isə Keykavus türbəsidir. Bu memarlıq abidəsi görünüşcə Gilan və Kemah türbələrinə çox bənzəyir...
Gilan sərdabəsində türbənin tikilmə tarixini bildirən kitabə dağıdılıb. Ancaq yuxarıda göstərilən xüsusiyyətlər, bir də uçuqlar içində qalan bəzək fraqmentləri abidənin tikilmə dövrünü aydınlaşdırmağa imkan verib. Gilan türbəsinin bəzək ünsürləri və materialları (bişmiş və firuzəyi rəngli şirli kərpiclərdən yığılmış həndəsi naxışlar və kufi xəttli yazı parçaları, gəc üzərində oyma naxışlar) XII əsrdə Mərkəzi Azərbaycan şəhərlərində tikilmiş bürcvarı türbələrin memarlıq bəzəyi və materialları ilə uyğun gəlir. Bu türbə də Marağa və Naxçıvan türbələrinin çoxu kimi alt kürsüsü daşdan, üst qatı kərpicdən tikilən, memarlıq dekorunda şirli kərpiclər işlədilən monumental abidə olub. Bütün bu xüsusiyyətləri nəzərə alan mütəxəssislər türbənin XII əsrin sonlarında tikildiyini söyləyiblər.
Araşdırmalardan belə qənaətə gəlinir ki, Gilan türbəsinin aşkar edilməsi dünya memarlığında bənzərsiz konstruktiv sistemləri olan Möminə xatın türbəsi sərdabəsinin prototipini aydınlaşdırmağa yardım edib...
Savalan FƏRƏCOV