AMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası 2019-cu ilin avqust-sentyabr aylarında Ağsu rayonunun Gəgəli kəndinin Yasamal adlı qobuluq ərazisində arxeoloji kəşfiyyat qazıntısı aparıb.

Hələ keçən il Nərgizava nekropolunun yaşayış yerini müəyyən etmək məqsədilə Yasamal ərazisində 20 kvadratmetrlik sahədə kəşfiyyat qazıntısına başlanılmışdı. Növbəti ekspedisiyada həmin sahədə qazıntı davam etdirilib. Müəyyən olunub ki, mədəni təbəqə iki metr dərinlikdən üzə çıxır. Bu təbəqənin qalınlığı isə həmin sahədə iki metrə çatır. Saxsı qab sınıqları qarışıq gilli-küllü təbəqədə arabir çaydaşı və əhəngdaşılarına rast gəlinsə də, hər hansı tikili qalığı üzə çıxmayıb. Aşkar olunan saxsı qab parçaları tədqiqat üçün götürülüb. Həmin ərazidən 250 metr cənubda ikinci qazıntı sahəsi seçilib. Burada da saxsı qab sınıqları qarışıq gilli-küllü təbəqə üzə çıxıb. Bu təbəqədə də çaydaşı və əhəngdaşılarına rast gəlinib.

Ekspedisiya ərzində Yasamal qobusunun vadidə əmələ gətirdiyi dərənin ikikilometrlik hissəsi diqqətlə nəzərdən keçirilib. Müşahidə zamanı sel sularının yuduğu divarda bir ədəd saxsı qadın heykəlciyi aşkar olunub. Digər antik dövr abidələrindən üzə çıxsa da, Nərgizavada bu tip saxsı heykəlciyə ilk dəfə rast gəlinir. Heykəlciyin alt hissəsində əsaya keçirmək üçün deşik açılıb. Görünür, bu heykəlcik dini ayinlərdə istifadə edilib.

Qazıntı sahələrindən bir kilometr cənubda Yasamal qobusunun qərb divarında yaşayış yerinin qalıqları izlənilib. Tikinti materialı kimi əhəngdaşı və çiy kərpicdən istifadə olunub. Ekspedisiya rəhbərliyi gələn il həmin sahədə tədqiqat aparmağı planlaşdırır.

Yaşayış yerindən şimalda küp qəbirlər nekropolunun olduğu müəyyən edilib. Hələ Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən həmin ərazidə küp qəbirlər üzə çıxsa da, arxeoloji baxımdan öyrənilməyib. Ekspedisiya üzvləri küp qəbirlərdən birini müəyyən edərək öyrənib. Yer səthindən iki metr dərinlikdə üzə çıxan qəbir küpü torpağın ağırlığından parçalansa da, qəbir avadanlığı salamat qalıb. Skeletin üzərindən bir ədəd qısa tiyəli bıçaq və iri əqiq muncuq götürülüb. Baş tərəfində bir ədəd kasa, ayaq tərəfində isə iki ədəd kasa və bir ədəd ağzı novçalı su qabı var. Qəbir küpünün ətrafında isə daha iri qablar qoyulub. Onlardan birinin içərisində kiçik su qabı da var.

Qeyd edək ki, Nərgizava abidəsi (Ağsu rayonunun Bico və Gəgəli kəndləri ərazisində yerləşir) 1998-ci ildə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tərəfindən təsadüfən aşkarlanıb. “Tariximizin axtarılmaqda olan yer altındakı izləri bizlərə hələ çox məlumatlar verəcək”, - deyən tarixçi, bu ərazinin arxeoloji turizm baxımından maraq doğurduğunu söyləyib.