Xocalı faciəsinin dəhşətlərini yaşayanlardan biri də Salman Abbasovun ailəsi olub. 1992-ci il fevralın 26-na keçən gecə onlar qarlı aşırımlardan, meyitlərlə dolu meşədən keçərək erməni quldurlarının əlindən canlarını qurtarmağa çalışıblar.
Hücum o qədər qəfil olub ki, ailə üzvləri evdən çıxanda ayaqqabılarını geyinməyə də imkan tapa bilməyiblər. Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və Şakir, qızları Məruzə, Mənsurə və Ləfixanım doqquz gün ayaqyalın meşədə gizləndikdən sonra düşmən əsgərləri onları əsir götürüblər. Əsirlik müddətində dəhşətli işgəncə və məhrumiyyətlərə məruz qalan ailə üzvləri 19 gün ac-yalavac əzab çəkdikdən sonra geri alınıblar. Əsirlik həyatından sonra üç ay Bakıda xəstəxanada müalicə alan ata-ana və qızlarının ayaqları don vurduğuna görə pəncədən amputasiya edilib.
Sentyabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində nümayiş olunan “Xocalılı Ləfixanım” sənədli filmində Abbasovlar ailəsinin üzləşdiyi faciə və məhrumiyyətlərdən bəhs olunub. Film Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyası zamanın tələbidir” layihəsi üzrə çəkilib.
Təqdimatda layihənin rəhbəri Məhluqə Rəhimova məşum fevral gecəsində baş verənləri xatırladaraq bir ailənin üzləşdiyi dözülməz ağrıları ekrana çıxaran filmin yaradıcı heyətini təqdim edib.
“Xocalılı Ləfixanım” filminin ssenari müəllifi Mahir Qəribov, rejissoru İsmayıl Musayev, tarix elmləri doktoru Anar İsgəndərov, şair Eldar İsmayıl və başqaları xalqımızin tarixi yaddaşında ən dəhşətli faciələrdən biri kimi iz qoyan Xocalı soyqırımı barədə danışıblar. Tədbir iştirakçıları nümayiş olunan film barədə öz fikirlərini ifadə ediblər. Qeyd olunub ki, faciə barədə sənədli filmlərlə yanaşı, bütövlükdə Xocalı hadisələrini əks etdirən bədii filmlərin çəkilməsinə də ehtiyac var.