Özbəkistanın nargis.uz portalında rus dilində “Arşın mal alan: müsəlman Şərqində birinci operettanın tarixi” sərlövhəli məqalə verilib.
Materialda qeyd edilir ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli bu əsəri 1913-cü ildə yazıb.
2013-cü ildə müsəlman Şərqinin ilk operettası olan “Arşın mal alan” əsərinin 100 illiyi UNESCO səviyyəsində qeyd olunub.
Yazıda əsərin mövzusu haqqında da danışılır, bildirilir ki, operettada Azərbaycan xalq mahnılarının motivlərindən də geniş istifadə edilib.
Qeyd edilir ki, 1913-cü il oktyabrın 25-də Bakıda əsərin uğurlu təqdimatından sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə bütün dünyanın səhnələrinə ayaq açır.
1915-ci ildə Tiflisdə tamaşa ilə bağlı maraqlı rekord qeydə alınıb. Əsər bir gündə altı səhnədə altı dildə - Azərbaycan, gürcü, rus, aysor, ivrit və erməni dillərində tamaşaya qoyulub.
Məqalədə Amerika ermənilərinin “Arşın mal alan” əsərini özününküləşdirmək cəhdi, operetta əsasında film çəkmələrindən də söhbət açılır.
Yazıda xüsusi olaraq qeyd edilir ki, 1945-ci ildə Bakıda “Arşın mal alan” filmi çəkilir və dünyanın 80 dilinə dublyaj olunur, 150-dən artıq ölkədə göstərilir.