Sentyabrın 11-də Ankarada Keçiörən Bələdiyyəsi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un birgə təşkilatçılığı ilə Rusiya Federasiyası Kabarda-Balkar Respublikasının Xalq şairi, balkar ədəbiyyatının klassiki, əsərləri 20-dən çox dilə tərcümə edilən Qaysın Quliyevin (1917-1985) adını daşıyan park və ədibin büstünün açılış mərasimi keçirildi.

Mərasimdə Keçiörən Bələdiyyəsinin başqanı Turqut Altınok, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Moldovanın Qaqauz Yeri muxtar bölgəsindən millət vəkili İvana Köksal, Bosniya və Herseqovinanın Ankaradakı səfiri Bakir Sadoviç, Qırğızıstanın Ankaradakı səfiri Kubanyehbek Omuraliyev, Qaysın Quliyevin oğlu Azamat Quliyev, büstün müəllifi, heykəltəraş Leuan Ahmatov, Tatarıstan Yazarlar Birliyinin sədri Rafis Qurbanov və başqa qonaqlar iştirak edirdi.

Bələdiyyə başqanı Turqut Altınok görkəmli şair, yazıçı Qaysın Quliyevin adını Keçiörəndə yaşatmaqdan məmnun olduqlarını dedi: “Tarixi yaradanlar və tarixi yazanlar var. Biz tarixi yazanların haqqını verməyə çalışırıq. Millətləri millət edən dilləri, ana dilində yaratdıqları ədəbiyyatları, mədəniyyətləri, sənət əsərləridir. Dünya türk dillərinin yaşadılmasında Qaysın Quliyev kimi ədiblərin böyük əməyi var. Sovetlər zamanında balkarları Qırğızıstandan sürgün edəndə ona “Sən qal”  dedikdə, cavabında “Millətimizin olmadığı yerdə mən qalmaram” demişdi. Bu gün belə bir vətənsevər şəxsiyyətə haqqını verə biliriksə, bundan çox məmnunuq”.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov öz çıxışında belə tədbirlərin türk xalqlarının mədəniyyətlərinin yaşadılması, sənət və mədəniyyətdə iz qoyan şəxsiyyətlərinin tanıdılması məqsədi daşıdığını bildirdi: “Qaysın Quliyevin adını bu park və büstlə yaşadacağıq. Bunun üçün türk dünyasının dəyərli dostu Turut Altınoka və Keçiörən Bələdiyyəsinə təşəkkür edirəm”.

Qaysın Quliyevin şeirlərinin fərqli millətlər tərəfindən sevilərək oxunduğunu dilə gətirən Lermontov Fondunun həmsədri Askar Dudayev isə Q.Quliyevin adının yaşadılacağı parkın və şairin büstünün Türkiyə torpağında açılmasından qürur duyduğunu ifadə etdi.

Sonra digər iştirakçılar Qaysın Quliyevin həyat və yaradıcılığından bəhs etdilər. Tədbirin bədii hissəsində Qazaxıstanın paytaxtı Nur-Sultandan gələn Xalq çalğı alətləri ansamblının ifasında musiqilər səsləndi. Sonra büstün açılışı oldu.

Tədbirin sonunda Lermantov Fondunun həmsədri  Askar Dudayev bələdiyyə başqanı Turqut Altınoka “Qaysın Quliyev” medalını təqdim etdi.

Mehparə SULTANOVA
Ankara