Festivalın qonaqlarına “Azərbaycanfilm”in istehsalı olan altı ekran əsəri təqdim edilib

Mayın 13-də Fransada dünyanın ən nüfuzlu kino tədbiri - 68-ci Kann beynəlxalq film festivalı işə başlayıb. Artıq 5-ci ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Kann festivalında Azərbaycan pavilyonu təşkil edilir.

Festivalda ölkəmizin nümayəndə heyəti iştirak edir. Heyətə Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, rejissor Ayaz Salayev, rejissor Asif Rüstəmov daxildir.
Milli pavilyonumuzda Azərbaycan kinosunun müasir inkişafını, nailiyyətlərini, ölkəmizin turizm imkanlarını əks etdirən, həmçinin “Bakı-2015” I Avropa Oyunlarını təbliğ edən çap, reklam məhsulları nümayiş olunur.
Bu il “Azərbaycanfilm” kinostudiyasının tarixində ilk dəfə olaraq Kann festivalının kino bazarına altı ekran əsəri təqdim edilib. Bunlar “Şəhər motivləri”, “Qırmızı bağ”, “Yarımçıq xatirələr”, “İçəri şəhər”, “Axınla aşağı”, “Qisas almadan ölmə. Keçmişdən məktublar” filmləridir.
Festivalın müsabiqə proqramında isə 19 film yer alıb. Kino nümayişi fransalı rejissor Emmaniel Berkonun “Başını dik tutaraq” filmi ilə açılıb. Festivalın finalında isə tamaşaçılar Lyuk Jakın “Buz və səma” filmini izləyəcəklər.
Amerikalı rejissorlar Coel və İtan Koen qardaşlarının rəhbərlik etdiyi münsiflər heyətinə məşhur aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir.
Festival mayın 24-də yekunlaşacaq və təntənəli mərasimdə “Qızıl palma budağı”nın sahibi və digər mükafatçılar elan olunacaq.

Lalə