Sentyabrın 16-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbirdə rektor İlham Mədətov Bilik günü münasibətilə tələbələri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıb. Bildirilib ki, indiyədək 2 min 361 nəfər universitetin bakalavr pilləsini bitirib. Onlardan 216-sı magistr dərəcəsi alıb. Tələbələrdən 210-u bakalavr və magistr pilləsində ATMU-nun, o cümlədən Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (TEU) diplomunu alıb. Yeni tədris ilində ATMU-ya 13 ixtisas üzrə qəbul olunan 502 nəfərdən 257-si dövlət sifarişi əsasında, 245-i isə ödənişli əsaslarla təhsilini davam etdirəcək.
Tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, ATMU-nun tərəfdaşı – Avstriyanın İMC Krems TEU-nun müəllimi Barbara Kovarribuas, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda ATMU-ya yüksək balla qəbul olunan gənclərə tələbə biletləri təqdim edilib.