Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilati dəstəyi ilə Azərbaycanda səfərdə olan Qazaxıstanın “Kazax TV” telekanalının əməkdaşları üçün infotur təşkil olunub.

MEMİM-dən bildirilib ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində akkreditasiya olunmuş “Media-Soy Production” “Kazax TV” telekanalı üçün Azərbaycanda “Folk Art” və “The school of nomads” adlı iki layihə hazırlayır. Verilişlərdə Azərbaycanın tarixi və mədəni irsi əks etdiriləcək çəkilişlər Bakı, Lahıc və Şəkidə aparılıb.

Sentyabrın 13-də infotur çərçivəsində Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Media-Soy Production” şirkətinin prodüseri Dana Nukeyevanın, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovanın, regional “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” üzvlərinin iştirakı ilə “Mədəniyyətin təbliğində medianın rolu” adlı konfrans keçirilib.

Konfransda MEMİM-in elmi katibi Cavid Əliyev, şöbə müdiri Nurəddin Babazadə, əməkdaşlar Ceyhun Əhmədov və Nadir Məmmədov çıxış ediblər.

Mərkəzin direktoru Asif Usubəliyev vurğulayıb ki, informasiya məkanında mədəniyyət mövzusu qədər həssas bir sahə yoxdur. Mədəniyyət nümunələrimizin mənimsənilməsinə cəhdlər də buna misaldır. Ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi qayğı, Mədəniyyət Nazirliyinin və digər qurumların fəaliyyəti nəticəsində belə cəhdlərin qarşısı alınır və ölkə mediası da bu məsələdə dövlətə dəstək verməlidir.

A.Usubəliyev ölkəmizdə fəaliyyət göstərən mədəniyyət ocaqlarının da təbliğatına ehtiyacın olduğunu deyib. Bildirib ki, regionlardakı mədəniyyət müəssisələri gördükləri işi ictimaiyyətə daha dolğun şəkildə çatdırmalıdırlar. Mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti uğurlu nəticə verə bilər.

Tədbirdə Qazaxıstanın media təmsilçiləri çıxış edərək öz mülahizə və fikirlərini bildiriblər.