Qəbələ şəhərində Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə “Art Zone Week” adlı rəngkarlıq simpoziumu keçirilib.
6-13 sentyabr tarixində gerçəkləşən sosial yönlü layihənin əsas məqsədi rəssamların gözü ilə Qəbələni respublikamızın əsrarəngiz bölgəsi kimi təqdim etmək, rayonun rəssamlıq sahəsinə marağı və həvəsi olan uşaq və gənclərinə ustad dərsləri keçməkdir.
Simpoziumda iştirak edən əməkdar rəssamlar Müseyib Əmirov, Elyar Əlmirzəyev, Yelena Haqverdiyeva və Vüqar Məmmədov sentyabrın 12-də Qəbələ rayon Mədəniyyət Mərkəzinin foyesində gənc həvəskar rəssamlarla görüş keçiriblər. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nargilə Qafarova açıb.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgiyə baxış keçirib. Sonda rəssamlar Qəbələ Dövlət Rəsm Qalereyasında ustad dərsləri keçiblər.