Əməkdar incəsənət xadimi, professor Elmira Səfərova musiqi sənətimizə mühüm töhfələr vermiş pedaqoq və pianoçudur. Ömrünün bir hissəsini gənc musiqiçilərin gələcəyinə həsr edən sənətkar onlarla bacarıqlı ifaçı yetişdirib.
Elmira Yusif qızı Səfərova 16 sentyabr 1934-cü ildə Bakıda ziyalı ailədə dünyaya göz açıb. Atası Əməkdar mühəndis, Dövlət mükafatı laureatı, Neft Daşlarının əsasını qoyanlardan biri olub. Hazırda şəhərimizin küçələrindən biri onun adını daşıyır. Yusif müəllim incəsənəti, xüsusən də musiqini çox sevib. Anası Cəvahir gözəl səsə və musiqi istedadına malik olub. Gənc yaşlarında Üzeyir Hacıbəylinin rəhbərlik etdiyi xorda oxuyub, solist kimi konsertlərdə çıxış edib.
Beləliklə, Elmira uşaqlıq dövründən musiqiyə həvəs göstərir. 1942-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi məktəbinə daxil olur. Onun musiqi istedadının təşəkkül tapmasında və inkişafında görkəmli pedaqoqlar K.K.Səfərəliyeva, L.N.Yeqorova və R.İ.Siroviçin mühüm rolu olub.
Elmira Səfərova məktəbi başa vurduqdan sonra 1952-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Professor M.R.Brennerin sinfində təhsil alır. Tələbəlik illərində istedadlı pianoçu kimi tanınır, konsertlərdə çıxış edir,
Üzeyir Hacıbəyli adına təqaüdə layiq görülür. Daha sonra Moskvada aspiranturada oxuyur. Bakıya qayıdır və 1961-ci ildən konservatoriyada pedaqoji fəaliyyətə başlayır. Özünə, tələbələrə qarşı tələbkarlığı və gənc kadrlar yetişdirmək istəyi onun pedaqoji irsini formalaşdırır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Kəbirlinskaya araşdırmasında yazır ki, E.Səfərova sistematik şəkildə solo, kamera və simfonik konsertlərlə çıxış edirdi. Dünya klassikləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının – Q.Qarayev və C.Hacıyevin əsərləri də onun konsert proqramının bəzəyi idi. O, eyni zamanda pedaqoji fəaliyyəti ərzində yüksək səviyyədə açıq sinif konsertləri təşkil edirdi. E.Səfərovanın geniş yaradıcılıq təqdimatı 1995-ci ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı olub. Bir həftə davam edən konsertdə E.Səfərovanın tələbələri və Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri iştirak edib. Tanınmış pedaqoq 1979-cu ildən konservatoriyada musiqi məktəbi müəllimləri üçün ixtisasartırma kurslarında mühazirələr keçirib. Bir sıra metodik vəsaitlərin müəllifidir.
Professor Elmira Səfərova 1961-ci ildən ömrünün sonunadək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano kafedrasında müəllimlik edib. Pedaqoji fəaliyyətinin və yaradıcılığının parlaq çağlarında – 1997-ci ildə vəfat edib.
S.FƏRƏCOV