13-14 sentyabr tarixində Quba Soyqırımı Memorial Kompleksində “Tarixi yerlər və abidələr” I Beynəlxalq simpoziumu keçirilib. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirə Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və Omandan 50-yə yaxın alim və tədqiqatçı qatılıb.
Simpozium iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini ehtiramla anıblar, sonra “Miras” İctimai Birliyinin çap etdirdiyi kitablardan, Quba xalçalarından və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təqdim etdiyi kəlağayılardan ibarət sərgilərlə tanış olublar.
Simpoziumun plenar iclasında çıxış edən Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova tədbirin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, simpoziumun keçirilməsinin əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələrini, qədim şəhərləri araşdıran alimləri bir araya gətirməkdir, bu yöndə tədqiqatları təşviq etməkdir. Tədbirin 1918-ci ilin 15 sentyabrının ildönümü ərəfəsinə təsadüf etməsinin xüsusi önəm daşıdığı vurğulanıb. Bildirilib ki, bu gün – Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, Nəsimi irsi və hürufiliyin tədqiqatçısı professor Fatih Usluer çıxış ediblər.
Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və Oman alimlərinin məruzələri dinlənilib.
Tədbirin sonunda qonaqlar Qubanın görməli yerləri ilə tanış olublar.