Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi sentyabrın 12-də Ankarada nümayiş olunub.

Rəsmi şəxslər – ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım tamaşaçılar arasında olublar.

“Əbədi ezamiyyət” sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında Paris Sülh Konfransına Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Nümayəndə heyəti müstəqil Azərbaycan dövlətinin məqsəd və məramını dünya liderlərinin diqqətinə çatdırılması və bu müstəqilliyin dünya dövlətləri tərəfindən tanınması uğrunda mübarizə aparıb. Paris Sülh Konfransı 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb və bu mühüm uğur yanvarın 14-də Bakıda böyük bayram təntənələri ilə qeyd edilib. Lakin bir neçə ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsindən sonra Xalq Cümhuriyyəti süquta uğradılıb. Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti vətənə dönə bilməyib. Parisə müvəqqəti səfər əbədi ezamiyyətə çevrilib.

Bakı, Tbilisi, Moskva və Parisin arxivlərində saxlanılan sənədlər, eləcə də o dövrün kinoxronikası əsasında hazırlanan filmdə (ssenari müəllifi – Müsəllim Həsənov, rejissorlar –  Vüqar İslamzadə, Fariz Əhmədov) nümayəndə heyətinin gərgin əməyi və Azərbaycanın müstəqilliyi uğrunda apardığı mücadilənin tarixi əks olunub.

Ekran əsərini izləyənlər tədbirdən dərin təəssüratlarla ayrılıblar. Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu bildirib ki, ekran əsərini duyğusuz izləmək mümkün deyil. Film istiqlalın nə qədər qiymətli olduğunu tərənnüm edir.

Həkim Nejat Soyan isə hesab edir ki, “Əbədi ezamiyyət” Azərbaycanın dövlətçilik tarixi barədə Türkiyə ictimaiyyətini məlumatlandırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, 2016-cı ildə çəkilən filmin ölkəmizin Türkiyədəki səfirliyi və SOCAR-Türkiyənin birgə təşkilatçılığı əsasında Ankaradakı növbəti təqdimatı diplomatik xidmət orqanlarımızın 100 illiyinə həsr edilib.

Mehparə SULTANOVA
Ankara