Sentyabrın 12-də İtaliyanın Bolzano şəhərinin “Museo Mercantile” muzeyində Azərbaycan xalçalarının sərgisi açılıb.

Avropa Tekstil Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə akademiyanın prezidenti Riçard Vill, Bolzano Ticarət Palatasının prezidenti Miçl Ebner, Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İCOC) Elmi Komitəsinin prezidenti Alberto Boralevi və İCOC-un prezidenti Peter Biçler çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan xalçaçılıq sənəti barədə danışaraq xalçalarımızın dünyada tanınmasının XIV-XV əsrlərə aid Şərq miniatürlərini və Avropa rəssamlarının əsərlərini təsdiq etdiyini bildirib. Diplomat Azərbaycan xalçalarının bu gün dünyanın məşhur muzeylərində nümayiş etdirildiyini, eyni zamanda xalçaçılıq sənətimizin nadir incilərinin Azərbaycan Milli Xalça Muzeyində toplandığını vurğulayıb.

Səfir milli xalçaçılıq sənətinin dünyada təbliğ olunmasında Heydər Əliyev Fondunun apardığı fəaliyyət, 2010-cu ildə Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi barədə də məlumat verib.

Açılış mərasimindən sonra sərgidə olan xalçalara baxış keçirilib və A.Boralevi həmin xalçaların hər biri haqqında ətraflı məlumat verib.

Oktyabrın 19-dək davam edəcək sərgidə “WINCOR” kolleksiyasında olan Azərbaycanın Qarabağ, Bakı, Qazax, Şirvan və Quba xalçaçılıq məktəblərinə aid 25 xalça nümayiş olunur.