Milli Kitabxanada Üzeyir Hacıbəyliyə həsr olunmuş sərgi açılıb
Sentyabrın 18-də Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir keçirilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirib ki, Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü mədəniyyət tariximizin əlamətdar günü – milli musiqi bayramıdır.
Direktor dahi bəstəkarın misilsiz xidmətlərindən bəhs edərək onun insan ömrünün gücünə, qüdrətinə sığmayan ölməz əsərlər yaratdığını söyləyib. Diqqətə çatdırılıb ki, Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisini nota salaraq elmi əsaslarla tədqiq edib, milli musiqimizi dünya səviyyəsinə çatdırıb, “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, müsəlman Şərqində opera sənətinin əsasını qoyub.
Zəngin irsə malik Üzeyir Hacıbəyli eyni zamanda yazıçı, publisist, jurnalist, ictimai xadim olub. Azərbaycan xalqı onun mədəni irsini layiqincə qiymətləndirib, xatirəsini hər zaman əziz tutub. Ümummilli lider Heydər Əliyev tərəfindən Üzeyir Hacıbəyli irsinə layiqli qiymət verilib, 1975-ci ildə bəstəkarın ev-muzeyi açılıb, ulu öndərin müvafiq sərəncamı ilə Üzeyir bəyin doğum günü – 18 sentyabr Milli musiqi günü kimi qeyd olunur.
Kərim Tahirov onu da qeyd edib ki, dahi bəstəkarın irsini layiqincə təbliğ etmək məqsədilə Milli Kitabxana tərəfindən biblioqrafiya çap edilib, əsərləri dünya milli kitabxanalarına göndərilib.
Kitabxananın direktor müavini Ədibə İsmayılova da çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında söhbət açıb.
Sonda tədbir iştirakçıları bəstəkarın həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar. Sərgidə Üzeyir Hacıbəylinin operaları, musiqili komediyaları, publisistik əsərləri, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.