Sentyabrın 19-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlarda “Avropa irs günləri” layihəsinin ilk günü keçirilib. Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunub.

Mərasimdə çıxış edən Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev tədbir haqqında geniş məlumat verib. Bildirib ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan “Avropa irs günləri” hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, “açıq qapı” günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Qobustanın hər zaman yerli və əcnəbi ziyarətçiləri cəlb etdiyini deyən Vüqar İsayev vurğulayıb ki, qoruğa gələn turistlərin sayı ilbəil artmaqdadır: “Ziyarətçilərin sayını artırmaq üçün daim tədbirlər təşkil olunur, tanıtım-təbliğat layihələri həyata keçirilir. Belə tədbirlərdən biri bu il oktyabrın 9-da UNESCO-nun təsis etdiyi “Qayaüstü təsvirlər günü”ndə gerçəkləşəcək. Portuqaliyanın Foskua qoruğunda Qobustana dair sərgi təşkil olunacaq”.

Tədbirdə iştirak edən Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin Azərbaycanın mədəni irs nümunələri haqqında dərin təəssürata malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda UNESCO-nun Dünya irs siyahısına salınması vacib olan xeyli sayda abidə var.

Tədbirdə məşhur opera müğənnisi Plasido Dominqo tərəfindən başladılan və Avropa İttifaqının himninin (Bethovenin 9-cu simfoniyasından parça – red.) mədəni irs abidələrində ifa olunması məqsədini daşıyan hərəkata uyğun olaraq, bu möhtəşəm musiqi Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Buta” instrumental ansamblı tərəfindən orijinal və yeni versiyada səslənib.

Sonra Xalq rəssamı Arif Hüseynov uşaqlar üçün rəssamlıq üzrə ustad dərsləri keçib. İştirakçılara sertifikatlar təqdim edilib.

Xüsusi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli yaradıcı uşaq və gənclərin əl işlərindən ibarət sərgi-satış təşkil olunub.

Tədbir çərçivəsində “Kadr arxasında Qobustan” adlı tur da keçirilib. Tur zamanı ziyarətçilər Qobustanın ekskursiya marşrutlarından kənarda – “kadr arxasında” qalan, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Qanlı zəmi” və digər məşhur filmlərin çəkildiyi məkanlar və ərazidə yerləşən abidələrlə tanış ola bilərlər. Bu layihənin məqsədi filmlərin çəkildiyi məkanlara səfərlər təşkil etməklə həmin məkanları və ərazidə yerləşən abidələri ictimaiyyətə fərqli formada təqdim etməkdir.

Əlavə edək ki, “Avropa irs günləri” digər qoruqlarda da qeyd olunur.