Azərbaycan Milli Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir keçirilib.
Böyük musiqiçiyə həsr olunmuş festival çərçivəsində gerçəkləşən tədbirdə Əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə edib.
Əməkdar rəssam Tariyel Bəşirov Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu rəngkarlıq əsəri əsasında onun texniki layihəsi və rəhbərliyi ilə toxunan “Üzeyir Hacıbəyli” xalçası barədə danışıb.
Tədbirin bədii hissəsində Milli Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvləri və Xalq artisti Fidan Hacıyevanın vokal məktəbinin tələbələri çıxış ediblər. Dərnək üzvlərinin hazırladıqları kuklalardan ibarət səhnəcikdə vokal məktəbinin tələbələri Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından parçanı səsləndiriblər.
Sonda uşaqlara “Libraff” mağazalar şəbəkəsinin hədiyyələri təqdim olunub.
Tədbirdən sonra uşaqlar dekorativ-tətbiqi sənət üzrə ustad dərslərinə qatılıblar.