Milli Musiqi Günü silsilə tədbirlərlə qeyd olundu

Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi təntənə ilə qeyd edilir.

Mədəniyyət tariximizin bu əlamətdar gününün tədbirlər silsiləsi ənənəvi olaraq Fəxri xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə başlandı.

Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Mədəniyyət naziri Əbülfəs Qarayev mərasim iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirdi ki, bu gün sadəcə sənətsevərlərin deyil, bütün Azərbaycan xalqının bayramıdır: “1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Artıq neçə ildir xalqımız bu bayramı qeyd edir. Üzeyir bəy Azərbaycan professional musiqisinin banisi olmaqla bərabər, həm də yazıçı, mütəfəkkir və ictimai xadim kimi böyük şöhrət qazanıb”.

Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur: “Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 11-ci festival sentyabrın 30-dək davam edəcək. Festivalda 11 ölkədən tanınmış musiqiçilər iştirak edəcək”.

Nazir dedi ki, hazırda bu festival haqqında Fransanın məşhur “Mezzo” kanalında məlumat verilir, Üzeyir bəyin davamçısı olan Fikrət Əmirovun əsərləri də mütəmadi şəkildə bu kanalda səslənir. Bu da dahi bəstəkarın qoyduğu gözəl ənənənin təntənəsidir.

Bu il görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illik yubileyinin keçiriləcəyini qeyd edən Əbülfəs Qarayev vurğuladı ki, bu münasibətlə onun yaradıcılığına həsr olunmuş tədbirlər təşkil olunacaq.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında Üzeyir Hacıbəylini Azərbaycan musiqisinin peyğəmbəri adlandırdı: “Üzeyir bəyin ölməz musiqiləri dünyanın müxtəlif yerlərində səsləndirilir. Mən inanıram ki, biz bu günü Şuşada qeyd edəcəyik”.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov böyük bəstəkara həsr edilmiş tədbirlərin, ənənəvi musiqi festivalının əhəmiyyətindən danışdı, bu layihələri ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.

Mərasimdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir bəyin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirildi.

***

Mərasim iştirakçıları daha sonra ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzdülər.

Həmçinin Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi, Müslüm Maqomayev kimi görkəmli musiqi korifeylərinin məzarları ziyarət olundu.

***

Milli Musiqi Gününün tədbirlər silsiləsi Azərbaycan Milli Konservatoriyasında açıq havada təşkil olunan konsert proqramı ilə davam etdi.

Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək əlamətdar günün əhəmiyyətindən, Üzeyir bəyin yaradıcılığından, Azərbaycan musiqisinin inkişafında xidmətlərindən danışdı.

Musiqi bayramı münasibətilə təbriklərini çatdıran nazir Əbülfəs Qarayev XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ölkəmizin dünyada tanınmasında önəmini vurğuladı. Bildirildi ki, Üzeyir Hacıbəyli musiqi irsimizin tədqiqi ilə yanaşı, milli kadrların yetişməsinə də xüsusi önəm verib.

Sonra təhsil ocağının Xalq çalğı alətləri orkestrinin ifasında “Qarabağ şikəstəsi” zərbi muğamı səsləndirildi.

***

Daha sonra mərasim iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin həyətinə gələrək burada  nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət etdilər.

Bir vaxtlar doğma şəhərləri Şuşada ucalan Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri işğaldan sonra Bakıda, bu məkanda qərar tutub. Abidələrin önünə tər güllər düzüldü, hər üç şəxsiyyətin xatirəsi ehtiramla anıldı.

Mədəniyyət naziri Əbülfəs Qarayev vurğuladı ki, gün gələcək “Güllələnmiş heykəllər” yenə öz doğma məkanlarında, yenidən musiqi, mədəniyyət beşiyimiz olan Şuşada ucaldılacaq. Bu festivallar da Şuşada təşkil olunacaq.

F.HÜSEYNOV