Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan kinosu günləri keçiriləcək.
Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq.
Kino günlərində rejissorlardan Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdiriləcək.
Tədbirlə əlaqədar Azərbaycan kino sahəsinin təmsilçiləri Özbəkistana səfər edəcək. Azərbaycanlı mütəxəssislərin iştirakı ilə Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində bu sahənin aktual problemlərinə dair ustad dərslərinin keçirilməsi də nəzərdə tutulub.
Filmlərin bəziləri Daşkənd vilayətinin Almalıq rayonunda, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində, paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində də göstəriləcək.