Sentyabrın 23-də Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçirildi. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşir.
Mərasimdə çıxış edən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Bakıda Rusiya filmləri həftəsinin bu il 5-ci dəfə keçirildiyini söylədi. Qeyd etdi ki, layihə iki ölkənin mədəni həyatında mühüm hadisədir və xalqlarımız arasında dostluq münasibətlərinin parlaq nümunəsidir: “Ənənəvi olaraq payız fəslinin romantik ab-havasında təqdim edilən rus filmləri tamaşaçılara xoş əhval bəxş edir. Azərbaycan tamaşaçısı hər dəfə Rusiya kinematoqraflarının əsərlərini izləyərək bu ölkənin kino sənayesindəki inkişaf və yeniliklərlə tanış olur”.
Cəmil Quliyev bildirdi ki, ən mürəkkəb zamanlarda belə Rusiya kinosu çətinlikləri aşmağı bacarıb və bu gün dünyaya bir-birindən maraqlı kino nümunələri bəxş etməkdədir. Bakıda təqdim ediləcək filmlərə baxan tamaşaçılar da buna əmin olacaqlar.
Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov çıxışı zamanı Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan böyük marağından söz açdı: “Ötən il də Rusiya filmləri həftəsini açmaq mənə nəsib olmuşdu. Hər dəfə Azərbaycan tamaşaçılarının Rusiya filmlərinə olan marağının şahidi oluram. Hazırda Rusiyada hər həftə azı iki yeni film ekranlara çıxır. Mən çox arzulayıram ki, Azərbaycan tamaşaçısı da bu filmləri görsün. Bu dəfə nümayiş olunacaq filmlər Rusiya kinematoqraflarının ən son yaradıcılıq məhsulları - 2018 və 2019-cu illərdə istehsal olunmuş filmlərdir. İnanıram ki, filmləri bəyənəcəksiniz”.
“Kinofest” Prodüser Mərkəzinin direktoru Sergey Bragin isə layihənin ildən-ilə genişləndiyini bildirdi: “Biz bu dəfə on bədii filmlə Azərbaycan tamaşaçısının görüşünə gəlmişik. Bu dəfə macəra, komediya, dram, müharibə, melodram və s. janrlarda müasir rus kinosunun nümunələri tamaşaçılara təqdim olunacaq. Əminəm ki, Rusiya filmləri həftəsi ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinə öz töhfəsini verəcək. Yaxın zamanlarda Rusiyada Azərbaycan filmləri həftəsinin şahidi olmaq imkanı qazanacağıq”.
Daha sonra kino bayramında iştirak etmək üçün ölkəmizdə səfərdə olan rusiyalı rejissor və prodüserlər ürək sözlərini bölüşdülər. “Tanklar” filminin rejissoru Kim Drujin, “Damdabaca” filminin ssenari müəllifi və aktyoru Dmitri Bedarev, “Van Qoqlar” filminin rejissoru Sergey Livnev, “Əziz ata” filminin prodüseri Georgi Malkov ölkəmizdə səmimi qarşılandıqları üçün təşəkkürlərini bildirdilər. Azərbaycan tamaşaçılarına son illərin ən gözəl film nümunələrinin təqdim ediləcəyi vurğulandı.
Daha sonra Anar Abbasovun “Döyüş” filmi nümayiş olundu. Bir xoreoqrafın həyatından bəhs edən filmdə böyük karyeraya sahib olan rəqqasın komandası bütün müsabiqə və tədbirlərdə qalibiyyət qazanır. Onun həyatı və gələcəyi bu sənətlə bağlıdır. Bir gün bədbəxt hadisə nəticəsində eşitmə qabiliyyətini itirirsə də, sənətinə sonsuz sevgisi yenidən səhnəyə dönməsinə şərait yaradır. Filmin rejissoru və ssenari müəllifi həmyerlimiz, Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, bir çox beynəlxalq kinofestivalların qalibi Anar Abbasovdur.
Gənc rejissor fikirlərini bizimlə bölüşərək Rusiya filmləri həftəsində müəllifi olduğu ekran əsərinin nümayişinə görə fəxr etdiyini bildirdi: “Rusiyada təhsil alana qədər Bakıda məşhur “Crazy” rəqs qrupunda çıxış edirdim. Bu qrup təkcə Azərbaycanda deyil, eləcə də Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə populyar idi. Bu gün təqdim ediləcək “Döyüş” filminin bəstəkarı vaxtilə həmin qrupa rəhbərlik edən Elman Rəhimovdur. Film Rusiyada böyük maraqla qarşılanmışdı. Rusiyada kino sənayesinə daxil olub uğur qazanmaq çətindir. Bu, böyük peşəkarlıq və dəstək tələb edir. Biz çox çalışırıq ki, uğur qazanaq. Məsələn, elə bu gün təqdim olunan “Döyüş” filmi bu il lentə alınsa da, Moskvada VIII “Biz yaşayacağıq” kinofestivalında Qran pri qazanıb”.
Qarşıdakı planlarından söz açan rejissor Azərbaycan haqqında həm bədii, həm də sənədli filmlər çəkmək istədiyini bildirdi: “Bu filmləri müxtəlif ölkələrdə nümayiş etdirmək ən böyük arzularımdandır. Məsələn, çox sevilən “Qurban” adlı filmim Azərbaycan xalqının adət-ənənələrindən bəhs edir və bu film çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.
“Van Qoqlar” filminin rejissoru Sergey Livnev müsahibəsi zamanı diqqətə çatdırdı ki, sonuncu dəfə Bakıya gəlişi 90-cı illərin ortalarına təsadüf edir: “Bu təklif və Bakıya gəliş ürəyimcə oldu. Şəhəri yenidən gəzdim, köhnə xatirələri yada saldım. Əlbəttə ki, şəhər çox dəyişib, xatirələrsə əbədidir. Film həftəsində nümayiş olunacaq kinolentimin çəkilişləri Latviya və İsraildə aparılıb. Filmdə rusiyalı aktyorlar rol alıb. Bu film həyatımda böyük önəm kəsb edir. Çünki 20 illik fasilədən sonra yenidən rejissorluğa qayıtdım. İnanıram ki, tamaşaçılar da filmi bəyənəcəklər”.
Qeyd edək ki, Rusiya filmləri həftəsi sentyabrın 29-dək davam edəcək. Ayın 24-də Nizami Kino Mərkəzində Kim Drujinin “Tanklar”, 25-də Dmitri Bedarevin “Damdabaca” filmləri nümayiş olunub.
Sentyabrın 26-da (saat 20.00) Mixail Rasxodnikovun “Əziz ata”, ayın 27-də (14.00) Yelena Xazanovanın “Məşuqələr”, 29-da (20.00) Anna Parmasın “Gəl boşanaq” bədii filmləri və s. təqdim ediləcək.
Həmçinin “YARAT” Müasir İncəsənət Mərkəzində sentyabrın 24-də “Van Qoqlar” filmi nümayiş olunub. Ayın 27-də burada “Annanın müharibəsi”, 28-də “Aleksandr Xristoforovanın əbədi həyatı” filmləri təqdim ediləcək. Seanslar saat 19.00-da başlayır, giriş sərbəstdir.
L.AZƏRİ