XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı paytaxt sakinlərini və Bakının qonaqlarını klassik musiqi ifaçıları ilə görüşdürməkdə davam edir.

Belə görüşlərdən biri sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində baş tutdu. Həmin axşam məşhur rusiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin iştirakı ilə konsert proqramı təqdim olundu.

İndiyədək səkkiz nüfuzlu beynəlxalq sənət yarışmasından qalib ayrılmış gənc pianoçu bu konsertdə dünya fortepiano musiqisinin şedevrlərini ifa etdi.

Frederik Şopen, İohan Brams və Edvard Qriqin seçilmiş pyes və valslarının, noktürn, ballada və süitanın mükəmməl səslənişi ifaçının öz seçdiyi əsərlərə münasibətinin ifadəsi ilə fərqləndi.

Konsert F.Şopenin ilk notlarından hər kəsin tanıdığı “Polonez  lya bemol major” əsəri ilə başladı. İnsanı ömrünün ilk çağlarına aparan “Layla”dan sonra isə Azərbaycan sənətsevərlərin  təsəvvüründə “Təhminə” filmi ilə assosiasiya olunan noktürnlər çalındı.

Lakin nakam məhəbbət əhvalatının təəssüratı tam yenilənməmiş F.Kopaçevski  İ.Bramsın fortepiano üçün solo əsərlərinə keçid aldı. Daha çox major (şən, şux)  ladlarda bəstələnmiş əsərlərin içində “Macar rəqsi” ruhumuzu yenidən baş verəcək əhvalatların xoşbəxt sonluqlara köklədi.

Filipp Kopaçevskinin Bakı konsertində ifa etdiyi sonuncu əsər isə adı Norveç musiqisinin rəmzinə çevrilmiş Edvard Qriqin “Per Günt” süitası oldu. Bu əsərin maraqlı yaranma tarixçəsi var. 1876-cı il fevralın 24-də Henrik İbsenin eyniadlı pyesinin ilk tamaşasına bəstəkarın yazdığı musiqi çox uğurlu alındı və dramaturq ilə bəstəkarın dünya şöhrətinin təməlini qoydu. Bir Norveç kəndindən xoşbəxtlik axtarışına çıxan sadə kəndli balası Per Güntün başına gələnlərdən və uydurduğu əhvalatlardan bəhs edən pyes öz musiqisi ilə birlikdə bəyənildi. Musiqi tamaşaçıların ürəyinə o qədər yatdı ki, müəllif sonralar həmin musiqi parçalarının təkcə dramatik teatrda deyil, həm də konsertlərdə səslənməsindən ötrü onları orkestr üçün iki süita olaraq işlədi.

Rusiyalı ifaçı da birinci “Per Günt” süitasının solo fortepiano işləməsini böyük ustalıqla, bəstəkarın mənzərə-pyes kimi təqdim edilən əsərlərini simfonik orkestrin çoxsəsli ifası kimi çatdırdığı dərəcədə səsləndirdi. Kopaçevskinin ifasını dinlədikcə düşünürdün ki, gerçəkdən də ən nüfuzlu müsabiqələrdən laureat çıxmaq üçün böyük istedadla yanaşı, mütləq əsər seçimində ifaçı cəsarətin də olmalıdır.

GÜLCAHAN