Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov “Xalq artisti” fəxri adına layiq görülüb.
Sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adın nişan və vəsiqəsini Cahangir Novruzova təqdim edib.
Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Türkiyədə – Adana Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.
Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkarı təbrik edib, ona yeni uğurlar arzulayıb.
Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən Cahangir Novruzov bundan sonra da mədəniyyətimizin inkişafı və təbliği istiqamətində çalışacağını vurğulayıb.