Görkəmli fırça ustası Tahir Salahovun sənət aləmində 1957-ci ildən başlanan zəfər yürüşü bu günə kimi davam etməkdədir. V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun tələbəsi kimi diplom işi olaraq yaratdığı “Növbədən qayıdanlar” tablosu ilə SSRİ məkanında böyük şöhrət qazanan gənc rəssam Bakıya qayıdacağı təqdirdə onu bir çox məişət problemlərinin gözlədiyindən xəbərdar idi. Lakin Moskvada qalmaq imkanı olsa da, gənc rəssam Bakıya qayıtmağa qərar verir.
Hələ tələbə ikən ailə həyatı quran Tahir Salahov doğma şəhərə dönəndə həyat yoldaşı Vansetta Qarayaqubova və qızı Alagöz də onunla idi. Otuzuncu illərdə atası repressiya olunmuş rəssamın bir neçə uşaq böyüdən anasının maddi vəziyyəti də ürəkaçan deyildi. Odur ki, rəssamı yaradıcılıqla yanaşı, müəyyən məsələlərin həlli də ciddi maraqlandırırdı. Həmin anlarda onun kiçik problemlərindən sayılan mənzil məsələsini gənclərə böyük sevgisi olan məşhur mənzərə ustası Səttar Bəhlulzadə “həll edir”. Başqa sözlə desək, Səttar yeni inşa olunan “Rəssamlar evi”ndə ona ayrılan ikiotaqlı mənzili gənc həmkarına bağışlayır və deyir: “Mənim Əmircanda ata evim var, çətin olsa da, şəhərə gedib-gələrəm!”.
Tahir Salahov uzun illər ərzində bu yaxşılığı unutmur. Hətta Aydın Dadaşovun ssenarisi əsasında çəkilən “Yubiley” televiziya filmində (əsər Səttar Bəhlulzadənin 80 illiyinə həsr olunub) o, olub-keçənləri xatırlayaraq “Mən Səttara hələ də borcluyam!”, - deyir. Beləcə, Tahir Salahovun yaradıcılığının problemsiz “Bakı mərhələsi” başlayır...
Qənaətimizcə, çox qısa bir müddətdə onun Bakıda bir-birinin ardınca maraqlı tablolar (“Neftçi”, “Səhər eşelonu”, “Təmirçilər”, “Bəstəkar Qara Qarayevin portreti” və s.) yaratmasının kökündə rəssamın heç vaxt bitməyən məişət qayğılarından qismən azad olması da durur, desək, yanılmarıq. Altmışıncı illər də onun yaradıcılığında dərin iz buraxdı. Dediklərimizi onun süjetli kompozisiya və portretləri də təsdiqləyir. Bununla belə, gənc rəssam yeri gələndə paytaxtdakı müəyyən təşkilatlardan ona edilən müraciətləri də cavabsız qoymayıb. Belə sifarişlərdən biri ona Xalq Təhsili Muzeyindən gəlib. Altmışıncı illərin əvvəllərində muzeyə direktor təyin olunan Tahirə Əhmədzadə (o, 37 il (1961-1998) bu muzeyə rəhbərlik etmişdir) ekspozisiyanı bir qədər yeniləşdirmək üçün oranı yeni eksponatlarla, o cümlədən təsviri sənət əsərlərilə zənginləşdirməyə qərar verir. Arzuladığı portretləri çəkdirmək üçün müəllif axtarışına çıxan direktor elə də vaxt itirmir. Soraqlaşdığı hər kəs ona bu işi adı artıq respublikada kifayət qədər məşhur olan gənc və istedadlı rəssam Tahir Salahova tapşırmağı tövsiyə edir. Rəssamı muzeyə dəvət edən Tahirə xanım görüşləri zamanı məqsədini ona bildirir.
Bu etimadı yüksək dəyərləndirən Tahir Salahov bir müddət düşündükdən sonra, vaxtının azlığına baxmayaraq, bu sifarişi icra etməyə razılıq verir. Çünki daima tamaşaçı qələbəliyi duyulan bu muzeydə əsərinin yer alması gənc rəssam kimi onun üçün də xoş idi. Beləliklə, o, təklif olunan sifarişləri – şair Seyid Əzim Şirvani, ictimai-siyasi xadim Səməd ağa Ağamalıoğlu və məktəbli-qəhrəman Tofiq Hüseynovun portretlərini çəkməyə başlayır...
Bu gün Təhsil Nazirliyinin nəzdindəki Xalq Təhsili Muzeyinin daimi ekspozisiyasını bəzəyən həmin portretlər ömrünün 92-ci baharını arxada qoyan böyük sənətkarın yaradıcılığının ilkin mərhələsinin nümunələri kimi dəyərləndirilməkdədir. Bu yazıda həmin sənət əsərləri barəsində söz açmağımız isə onların rəssam haqqında çap olunmuş çoxsaylı nəşrlərin heç birində yer almaması ilə bağlıdır. İndiki halda bunun niyə belə olduğuna əhatəli cavab axtarmaq niyyətindən uzağıq. Amma hər halda onların bu vaxta qədər diqqətdən kənarda qalması və “unudulması” səbəbsiz deyil. Bəlkə də uzaq altmışıncı illərdə çəkilən bu kiçikölçülü əsərləri sonralar daha möhtəşəm tablolar yaratmış sənətkar sadəcə unudub? Bu versiya inandırıcı olmasa da, hər halda mümkün olan məsələdir.
Rəssamın onları bədii xüsusiyyətlərinə görə o qədər də yüksək hesab etməməsi də bu məsələdə rol oynaya bilərdi. Həmin əsərlərdə rəssam imzasının olmaması da bunu söyləməyə əsas verir. Ancaq əlavə edək ki, Tahir Salahovun 1958-1960-cı illərdə yaratdığı və yuxarıda adları qeyd olunan tablolarında da imzası yoxdur.
Hər halda, öncədən deyək ki, muzeyin ekspozisiyasını bəzəyən və geniş ictimaiyyətə az məlum olan bu üç portret dəyərli və məşhur “Tahir Salahov estetikası”nı özündə yaşadan əsərlərdir...
Adı XIX əsr Azərbaycan ədəbiyyatına qızıl hərflərlə yazılmış Seyid Əzim Şirvaninin portretini (1963. Kətan, yağlı boya; 60x80 sm) rəssam əsasını qoyduğu “sərt üslub”un bədii prinsiplərinə uyğun çəkmişdir. Əsərdə şairin obrazını səciyyələndirən ikonoqrafik xüsusiyyətləri qorumaqla, onun nurlu çöhrəsini dəqiqliyi ilə əsərdə əks etdirən Tahir Salahov, son nəticədə, qəzəl janrı sahəsində “Füzulinin yadigarı” kimi el məhəbbəti qazanan Seyid Əzimin gözoxşayan portretini yaratmağa nail olmuşdur.
Şairin papağının qara və əbasının boz rəngi ilə göyümtül fon-yerlik arasında əldə olunan əlaqə harmoniyanın əldə olunmasına xidmət etdiyindən, obraz cəlbedici və yaddaqalandır. Kompozisiyanı təşkil edən ayrıntılarda işıq-kölgədən uğurlu istifadə bütünlükdə portretin bədii tutumunun oynaqlığını şərtləndirmişdir, desək, yanılmarıq...
Azərbaycan tarixində daha çox ictimai-siyasi və dövlət xadimi kimi qalan Səmədağa Ağamalıoğlunun portretinin (1964. Kətan, yağlı boya; 75x75,5 sm) Xalq Təhsili Muzeyinin ekspozisiyasında yer alması həm də onun Qori Seminariyasının məzunu olması ilə bağlı olmuşdur. Xatırladaq ki, S.Ağamalıoğlu (1867-1930) zamanında Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, ilk Xalq torpaq komissarı, “Şərqdə mədəni inqilab”ın banisi, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur.
Həm müstəqillik, həm də sovet dönəmində respublikamızın həyatında fəal iştirakı ilə tarixə qovuşan S.Ağamalıoğlunun portretində rəssam, onun şəxsiyyətinə xas olan müsbət keyfiyyətləri qabarıq əks etdirməyə çalışmışdır. Qənaətimizcə, rəssamın qəhrəmanını iri planda təqdim etməsi də buradan qaynaqlanır. Tünd-sumaxı rəngli xalça fonunda tünd geyimdə görüntüyə gətirilmiş portretin tamaşaçısına yönəli baxışlarında onun varlığında hifz olunan yaşayıb-yaratmaq yanğısı duyulmaqdadır. Çöhrəsinin bütün əzalarına hiss olunacaq bir aydınlıq bəxş edən rəssam bununla da obrazın yaşanan illəri ilə qürur hissi keçirdiyini ifadə etmişdir. “Sərt üslub”un estetikasından qaynaqlanan rəng-cizgi təzadının bu portretin bədii tutumuna müsbət təsir göstərdiyi birmənalıdır...
Üçüncü portretin qəhrəmanını isə müasirlərimizin əksəriyyəti tanımır. Belə ki, ötən əsrin əllinci illərinin sonunda bu məktəblinin etdiyi qəhrəmanlıqdan çoxları xəbərsizdir. Amma onun igidliyi rejissor Eldar Quliyevin 1972-ci ildə çəkdiyi “Var olun, qızlar!” filmində əks olunub.
1958-ci ilin yayında Bakıdakı 134 saylı orta məktəbdə təhsil alan Tofiq Hüseynov Abşeron çimərliklərinin birində dənizdə batan uşaqları xilas edərkən həlak olmuşdur. Üç qızı dənizdən çıxarandan sonra rəfiqələrin dördüncüsünü çıxarmağa çalışarkən yorulmuş yeniyetmə qızla birlikdə boğulur. Yeri gəlmişkən, deyək ki, zamanında onun xatirəsi oxuduğu məktəbə adının verilməsi ilə əbədiləşdirilmişdi, amma burada aparılan əsaslı təmirdən sonra təhsil ocağına qəhrəmanın adını qaytarmağı unudublar...
Tofiq Hüseynovun portreti (1965. Kətan, yağlı boya; 90x70 sm) də rəssamın bədii prinsiplərindən bütün əsərlərində uğurla istifadə etdiyi “sərt üslub”a tapınmaqla işlənmişdir. Üfüqi kompozisiyanın ön planında qəhrəmanı qabarıq təqdim edən Tahir Salahov arxa planda – sahildə onun hərəkətlərini həyəcanla izləyən insanları təsvir etmişdir. Təlatümlü dənizin fonunda görüntüyə gətirilən yeniyetmənin çöhrəsində yaşanan həyəcanı duymaq elə də çətin deyildir. Bu dəfə yığcam rənglərdən istifadə etməklə rəssam onun yaddaqalan obrazını yaratmağa nail olmuşdur...
Haqqında söz açdığımız bu üç əsər Xalq Təhsili Muzeyinin ən qiymətli eksponatlarındandır. Bunu muzeylə tanış olan seyrçilərin fikirləri də təsdiqləyir. Sizlərə də gənc Tahir Salahov fırçasının məhsulları olan həmin portretləri görməyi tövsiyə edirik...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor