Sentyabrın 26-da Bakı Konqres Mərkəzində bu il iyunun 30-dan iyulun 10-dək ölkəmizdə təşkil edilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirildi.

Tədbirdə ölkə başçısının müvafiq sərəncamları ilə sessiyanın yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Xan sarayının Dünya irs siyahısına salınmasında fəal iştirak etmiş şəxslərə orden,  medal və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olundu.

Əvvəlcə sessiyaya həsr olunmuş videoçarx nümayiş etdirildi.

Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılan Təşkilat komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev sessiya müddətində görülən işləri yüksək qiymətləndirdi. Nazir sessiyanın işinə verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Qeyd etdi ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası zamanı ümumilikdə 166 məsələyə baxıb, 45 qərar qəbul edilib və 29 irs nümunəsi Dünya irs siyahısına salınıb.

Əbülfəs Qarayev 2500-ə yaxın nümayəndə iştirak etdiyi möhtəşəm tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi.

Bildirdi ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. Azərbaycan 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edib. İki ildən bir Bakıda UNESCO-nun da rəsmi tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsinin ölkəmizə həvalə olunması Azərbaycanın UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Nazir vurğuladı ki, sessiyanın açılış mərasimində Azərbaycan əsilli məşhur ifaçı Sami Yusufun iştirakı ilə keçirilən konsert proqramının video yazısına  “YouTube” şəbəkəsində rekord sayda baxışın olması Azərbaycan mədəniyyətinin dünyada təbliğinə növbəti töhfədir.

Əbülfəs Qarayev qeyd etdi ki, sessiya çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (İCCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Abidə Menecerləri və Gənc Peşəkarlar forumları da uğurla gerçəkləşib.

Dünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın təqdimatı – “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyasının Dünya irs siyahısına daxil edilməsini böyük uğur kimi dəyərləndirən nazir ölkəmizdə mədəni irsin qorunması istiqamətində dövlət səviyyəsində əhəmiyyətli işlər görüldüyünü söylədi.

Daha sonra ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilən şəxslərə mükafatlar təqdim oldu.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevaya 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edildi. Həmçinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və “Tərəqqi” medalları sahiblərinə verildi.

Tədbirdə sessiyanın işində fəal iştirakına görə Təşkilat komitəsinin üzvlərinə Mədəniyyət naziri Əbülfəs Qarayevin və UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Metxild Roslerin imzaladığı diplomlar da təqdim olundu.

FARİZ