Azərbaycan Kitab Cəmiyyətinin xətti ilə növbəti iki miniatür kitab nəşr edilib. Kitablardan biri Belarus Respublikasının prezidenti Aleksandr Likaşenkonun bu ilin iyun ayında Azərbaycana olan rəsmi səfəri, digəri isə dahi Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin seçmə aforizmləri haqqındadır.
   
   Kitab Cəmiyyətinin rəhbəri Zərifə Salahovanın sözlərinə görə, “Hüseyn Cavidin seçmə aforizmləri” miniatür kitabı görkəmli yazıçının ev-muzeyi ilə birgə hazırlanaraq “İndiqo” mətbəəsində nəfis tərtibatda çapdan çıxıb. 55 X 38 formatlı, 248 səhifəli 200 tirajlı miniatür kitabda görkəmli şairin əsərlərindən 16 kompozisiya yerləşdirilib. Zərifə Salahova qeyd edib ki, H.Cavidin aforizmləri Azərbaycan xalq müdrikliyinin ayrılmaz əlaməti olan dərin humanizmi, ümumbəşəri xarakter və məna yükü daşıması ilə seçilir.
   Miniatür kitabın təqdimatı isə bu ilin sentyabrında Bakıda və mütəfəkkirin doğma yurdu Naxçıvanda keçiriləcək.