Doğma torpağa, mənsub olduğun xalqa, vətəndaşı olduğun ölkəyə bağlılıq və sevginin ən həzin, ən səmimi, ən məhrəm formasıdır vətən haqqında mahnılar.
Poetik misraların ən çox danışan, daha doğrusu, ən xoş avaza köklənən bir neçə notluq sehridir vətən eşqli nəğmələr. Heç vaxt unudulmayan şirin laylalar, ninnilərdir torpaq, yurd-yuva, el-oba səs-soraqlı musiqilər.
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin, demək olar ki, hər birinin yaradıcılığından vətən motivli mahnılar keçib. Hər birimizin yaddaşında dərin iz qoyan bu kimi gözəl nəğmələr bəstəkarlıq məktəbimizin banisi Üzeyir Hacıbəylinin istiqlal şairimiz Əhməd Cavadın sözlərinə yazdığı dövlət himnimiz ilə özünün ən ali məqamına yetişib. Dillər əzbəri olan bu mahnılar artıq not və söz olaraq sonrakı nəsillərə də ötürüləcək və beləcə, illər sonra da Azərbaycan haqqında nəğmələr ruhlara sığal çəkəcək.
Tanınmış bəstəkar, musiqişünas, Xalq artisti Aygün Səmədzadə bu mövzuda əksər mahnı və musiqiləri toplayaraq kitab halında ərsəyə gətirib. Nəfis tərtibatlı “Azərbaycan 100 mahnıda” adlı klavir-kitab sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində ictimaiyyətə təqdim olundu.
Tədbirdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, nazirliyin əməkdaşları, millət vəkilləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan layihənin əsas məqsədi unudulmaz mahnıların, Azərbaycan, vətən, torpaq tərənnümlü nəğmələrin bir nəşrdə toplanaraq musiqisevərlərə ərməğan etməkdir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olan “Azərbaycan 100 mahnıda” kitabı barədə təəssüratlarını bölüşən çıxışçılar uzunmüddətli gərgin əməyin nəticəsi olan kitaba görə müəllifə və layihədə iştirak edən hər kəsə təşəkkür etdilər.
Millət vəkili Jalə Əliyeva sevilən mahnıların, irihəcmli musiqi əsərlərinin müəllifi olan Aygün Səmədzadənin bəstəkar, musiqişünas, eyni zamanda vətəndaş mövqeyinin isbatı kimi bu nəşrin xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı, belə nəşrlərin musiqi mədəniyyətimizin təbliğində önəmini diqqətə çatdırdı.
Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova 35 bəstəkarın 100 mahnısının toplandığı kitab haqqında qonaqlara ətraflı məlumat verdi. Nəşrin təqdirəlayiq təəssübün nəticəsi olduğunu dedi. Azərbaycanın dövlət himni ilə başlayan kitabın həm də musiqi tariximizə nəzər saldığı, bəstəkarlıq məktəbi təmsilçilərimizi ətraflı təqdim etdiyi vurğulandı.
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov toplunu yüz il ərzində yaşayıb-yaradan, peşəkar və həvəskar, xalq və klassik bəstəkarlıq bölgüsü aparılmadan Azərbaycana sevgi etiraflarının musiqi dilində ifadəsi kimi səciyyələndirdi, nəşrin həm də tədris vəsaiti kimi dəyərini vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi, AMEA-nın müxbir üzvü, professor Rəna Məmmədova, bəstəkar, Xalq artisti Faiq Sücəddinov çıxış edərək A.Səmədzadənin təşəbbüsünü yüksək qiymətləndirdilər, kitabın məmləkətimizin sanki poetik coğrafi xəritəsini cızdığını dedilər.
Sonda çıxış edən Aygün Səmədzadə hər kəsə təşəkkürünü bildirdi. O, ilk təşəbbüsün bəstəkarlarımızın yaradıcılığının müəyyən bir hissəsini əhatə etdiyini deyərək gələcəkdə bu işi davam etdirmək istədiyini vurğuladı.
HƏMİDƏ