İspaniyalı rəssam lazımsız kitablardan “şəlalə” düzəldib

Kompüter texnologiyasının tətbiqindən bəri bütün dünyada kitabların və digər çap nəşrlərinin sonunun başlandığı barədə mülahizələr səslənməkdədir. Sənət adamları bu vəziyyətə fərqli  yanaşırlar.

İspaniyalı rəssam Alisiya Martin köhnə kitabları tamamilə sənət əsərlərinə çevirərək onlara ikinci bir həyat verir. Bu gün bir çox evdə, təəssüf ki, çox sayda lazımsız kitab var. A.Martin bu problemə, eyni zamanda makulatura, şəhər küçələrinin təmizliyi kimi ciddi ekoloji problemlərə öz yaradıcı baxışı ilə son qoymaq istəyir.

Onun ən böyük layihələrindən biri “Biografias” (“Tərcümeyi-hallar”) adlanır. Rəssamın hazırladığı instalyasiyada kitablar sanki evlərin pəncərələrindən düşərək şəlalə kimi bir dalğa meydana gətirir. O, bunu küçədən keçərkən sanki evin içərisində izdiham olduğu və kitabların otaqların boşluğuna sığmayıb pəncərədən yerə “tökülür” kimi göründüyünü izah edir.

Rəssam öz ideyasını əvvəlcə doğma şəhəri Madriddə həyata keçirib. Bu ideya Madridin üç tarixi binasını əhatə edir. Digər bir instalyasiya isə bir ağac gövdəsinə sıx şəkildə bükülmüş kitablardan ibarətdir və bu kitablar sanki arı topasını xatırladır. Bütün bunlar onun əsərlərini diqqətəlayiq və məşhur edir.

Alisiya Martinin “Biografias”ı yeni layihələrdə davam edir. Rəssamın kitab instalyasiyası ölkəsinin sərhədlərini aşaraq Haaqadakı (Niderland) Meermann Muzeyinin pəncərələrindən də “tökülüb”. İspaniyalı rəssam bununla insanların makulaturaya göndərmək istədikləri minlərlə köhnə kitabı sənətə çevirməyin nümunəsini göstərir.

SƏBİNƏ