Özbəkistanda “Azərbaycan kinosu günləri” çərçivəsində silsilə tədbirlər təşkil edilib.
Sentyabrın 24-də Almalıq şəhərindəki “Metallurq” mədəniyyət sarayında Azərbaycan nümayəndə heyəti ilə özbək tamaşaçılarının görüşü keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə, Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev, kinorejissor Şamil Əliyev çıxış edərək Azərbaycan və özbək xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, ölkələrimiz arasında mədəniyyət, o cümlədən kino sahəsində əlaqələrdən danışıblar.
Sonra rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi nümayiş olunub. Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
***
Daşkənd Dövlət Mədəniyyət və Sənət Universitetində isə azərbaycanlı kinematoqrafçıların ustad dərsləri təşkil edilib.
Kinorejissor Şamil Əliyev gənc rejissorlara, Əməkdar incəsənət xadimi Ayaz Salayev Aktyorluq fakültəsinin tələbələrinə, Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli isə operator olmağa hazırlaşan gənclərə bu sahələrin incəlikləri haqqında məlumat veriblər. Müasir dünya kinosu, sovet dövründə Azərbaycan-Özbəkistan kinematoqrafçılarının əlaqələri haqqında söhbət açılıb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Azərbaycan kinosu günləri” Daşkənd, Səmərqənd və Almalıq şəhərlərini əhatə edib. Kino günlərində bu şəhərlərdə yeddi bədii və sənədli film nümayiş etdirilib.